“Türkiyə-Azərbaycan müştərək hepatoloji kursu” onlayn elmi konfransı keçirilib

 

Dekabrın 22-də Türk Qaraciyər Vəqfi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan müştərək hepatoloji kursu” onlayn elmi konfransı keçirilib.

Acibadəm Universitetinin Tibb fakültəsinin professoru Dr. Nurdan Tözünün, Hacıtəpə Universitetinin Tibb fakültəsinin professoru Dr. Yusif Bayraktarın və Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Dr. Nuru Bayramovun moderatorlugu ilə baş tutan konfrans “Hepatobiliar xəstəliklərdə aktual məsələlər” mövzusuna həsr olunub.

Konfransda ABŞ-ın Con Hopkins Universitetinin, Türkiyənin bir sıra nüfuzlu universitetlərinin və o cümlədən Azərbaycan Tibb Universitetinin tanınmış professor və əməkdaşlarının qaraciyərin üzvi xəstəliklərinin müalicəsinə dair apardıqları tədqiqatların nəticələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

ATU-nin I Cərrahi xəstəliklər kafedrasının doktorantı Mehriban Hüseynovanın "Hepatosellulyar karsinoma: diaqnostika və müalicə yanaşması" mövzusunda etdiyi çıxışı da iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Növbəti elmi konfransların əhatə dairəsinin daha da genişləndirilməsi – Avropa, ABŞ, Türkiyənin digər nüfuzlu universitetlərin də iştirak etməsinə şərait yaradılması barədə qərar qəbul edilib.

Onlayn konfrans işini sual-cavab əsnasında, müvəffəqiyyətlə başa çatdırıb.