Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasında elmi işlərin hesabatının təqdimatına dair yığıncaq keçirilib. Yığıncaqda giriş sözü ilə çıxış edən kafedra müdiri professor Məlahət Sultanova qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə əməkdaşları təbrik edib. O, yola saldığımız ildə həyata keçirilən fəaliyyət üçün kafedra əməkdaşlarına təşəkkürünü çatdırıb.
Sonra kafedranın elmi işlər üzrə məsul şəxsi dosent Mətanət Pənahova 2020-2021-ci il üçün elmi işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hazırda kafedrada 10 elmi tədqiqat işi aparılır və işlərdən 1-i ilkin müzakirəyə hazırdır, digər tədqiqatlar isə müxtəlif mərhələlərdə davam etdirilir.
Bundan əlavə, hesabat ili ərzində kafedra əməkdaşlarının elmi işləri yerli və xarici mətbuatda dərc olunmuş, əməkdaşlar həm yerli, həm də beynəlxalq səviyyəli distant və hibrid elmi konfranslarda iştirak ediblər. Hesabat ili ərzində kafedranın təşkilatçılığı ilə ATU-nun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konfransda, professor Tamerlan Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konfransda Radiologiya panelləri təşkil olunub. Doktorant Lalə Quluzadə Türkiyə MRT dərnəyinin 25 illiyinə həsr olunmuş elmi toplantıdakı uğurla çıxışına görə mükafatlandırılıb. Sonra kafedranın doktorantlarının hesabatları dinlənilib.
Tədqiqatlara dair müzakirələrin sonunda hesabatlar qənaətbəxş qiymətləndirilib.