Qurban İsmayılov: “44 günlük müharibə və Tədris Cərrahiyyə Klinikası”

 

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Müharibə zamanı görmə orqanının zədələnmələri və xüsusiyyətləri” mövzusunda onlayn elmi konfrans təşkil edib. Konfransda AOC İdarə Heyətinin üzvləri, oftalmologiya sahəsində yüksək nailiyyətlər əldə edən türkdilli ölkələrin peşəkar mütəxəssis və alimləri iştirak ediblər.

Konfransda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Mərkəzi Hərbi Hospitalın Oftalmologiya şöbəsinin, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov “44 günlük müharibə və Tədris Cərrahiyyə Klinikası” mövzusunda məruzə edib. Onun müharibə zamanı Cərrahiyyə Klinikasının fəaliyyəti, həkimlərin həmin dövrdəki fədakarlığı, yaralılara göstərilən tibbi xidmətlə bağlı geniş məzmunlu çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.   

Q.İsmayılov çıxışı zamanı ATU-nun adıçəkilən klinikasına 458 yaralının müraciət etdiyini, onlardan 4-nün şəhid olduğunu, 118-nin gözündən əməliyyat edildiyini bildirib. 67 nəfərə isə ambulator tibbi xidmət göstərilib. O hazırda da bəzi xəstələr üzərində təkrar rekonstruktiv cərrahi əməliyyatların icra olunduğunu qeyd edib.