90 ildə ATU tərəfindən çap edilmiş dərslik və dərs vəsaitləri biblioqrafik nəşrdə toplanıb

 

“Azərbaycan Tibb Universiteti-90. Dərslik və dərs vəsaitləri (1930-2019). Biblioqrafiya” adlı biblioqrafik göstərici işıq üzü görüb.

Nəşrin elmi məsləhətçisi ATU-nun Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, dosent Rauf Bəylərov, elmi redaktoru Əsaslı kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova, tərtib edənləri - kitabxananın direktor müavini Gülbehişt Orucova, elmi-biblioqrafiya şöbəsinin müdiri Bilqeyis İsmayılova və biblioqraf Səadət Hüseynovadır. Vəsait Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibətilə hazırlanıb. Bu göstəricidə ATU tərəfindən çap edilmiş dərslik və dərs vəsaitlərinin xronoloji qaydada siyahısı tərtib olunub. Biblioqrafik göstərici həkimlər, elmi-tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və tələbələr üçün nəzərdə tutulub. Materialların toplanmasında Milli Arxiv İdarəsi, Bakı Dövlət Universiteti, Milli Kitabxana və Azərbaycan Təbabəti Muzeyinə də müraciət olunub.

Göstərici tibbin bütün sahələrini əhatə edir. Dərslik və dərs vəsaitləri tibbin bölmələri üzrə xronoloji qaydada, əlifba sırası ilə düzülüb. Dillər üzrə isə Azərbaycan, rus və ingilis dili ardıcıllığı əsas götürülüb.