Tələbələrimiz şəhid və qazi ailələri üçün aksiyada fəal iştirak ediblər

 

44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi.

Bu gün haqqında fəxrlə danışdığımız şanlı qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də torpaqlarımızın hər qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, eləcə də qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq.

Torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan qəhrəman oğullarımızın ailə üzvləri və yaralı qazilərimiz daim dövlət qayğısı ilə əhatə olunub. “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və TƏBİB-in birgə təşkilatçılığı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dekabrın 25-də keçirilən tibbi aksiya da bu həssas kateqoriyadan olan soydaşlarımız üçün dövlətin həyata keçirdiyi tədbirlər silsiləsindən biri idi.

Aksiya çərçivəsində Bakı şəhərində müxtəlif dövlət və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 45 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən Cəlilabadda 300 nəfərdən çox şəhid və qazi ailələrinin üzvləri müayinə olunub, müvafiq müalicə kursları təyin edilib, zəruri dərman vasitələri ilə təmin olunub, eləcə də digər patologiya aşkar edilən xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Aparılan müayinələr zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonradan ixtisaslaşmış tibb müəssisələrində tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət yarandıqda, cərrahiyə əməliyyatları həyata keçiriləcək.

Silsilə tədbirlər şəklində baş tutan tibbi aksiyada ATU-nun AKHA Tələbə təşkilatının üzvləri, ATU-nun Onkologiya Klinikasının nümayəndələri, ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirova, həmçinin ilk dəfə universitetimizin tələbələri də iştirak edib.

Aksiyaya fakültənin 5-ci kurs tələbələri Azayev Zahid, Süleymanov Musa, Ünal Muhammed Yarıcı, 6-cı kurs tələbələri Əhmədova Nərmin, Əsədova Kəmalə, Heydərov Rüfət, Xasıyeva Ülkər, Qarakişiyeva Rəqsanə, Şahbazzadə Fəridə, Yusifova Aysel olmaqla 10 tələbə qatılıb. Tələbələrimiz müxtəlif ixtisaslar üzrə bölünərək EKQ, tiroid və abdominal USM-si, oftalmoskopiya, görmə itiliyinin müayinəsi, palpasiya, auskultasiya, qan təzyiqinin ölçülməsi, qlükometriya kimi müayinələri sərbəst şəkildə həyata keçirib, öz bilik və bacarıqlarını nümayiş etdirməklə, həkimlərimizə dəstək olublar.