Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirik. Həm də yeni 2022-ci ilin astanasındayıq.
Yola saldığımız 2021-ci il hər birimiz üçün kifayət qədər gərgin keçdi. Pandemiyanın davam etməsi bütün sahələrə, xüsusilə də təhsil və səhiyyə sahəsinə təsirini göstərdi.
Bununla belə 2021-ci ilin Azərbaycan Tibb Universiteti üçün tərəqqi dövrü kimi də qeyd edə bilərik. Əvvəlki il ilə müqayisədə nəhayət canlı ənənəvi təhsili bərpa edə bildik. Müəyyən məhdudiyyətləri nəzərə almasaq, son semestri uğurla başa vura bildik.
ATU-da hər sahədə fəaliyyətlər canlandı, bir çox təşəbbüsləri reallaşdırdıq. Mühüm nailiyyətlərdən biri kimi bu ilin sonunda başladığımız beynəlxalq akkreditasiya prosesini başa çatdırmağımız idi. Ümid edirəm, növbəti ildə bu prosesin uğurlu nəticəsini hamılıqla qeyd edəcəyik.
2021-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız da çox uğurlu bir yol keçib. 2021-ci il həm diplomatik müstəvidə, həm regionların inkişafı baxımından, habelə işğaldan azad edilmiş ərazilərimizdə yenidənqruma və bərpa işlərinin aparılması baxımından çox əhəmiyyətli il olub.
Əminəm ki, növbəti il bütün xalqımız, ATU üçün, hər birimiz üçün xeyirli və uğurlu dövr olacaq. Başladığımız hər bir proses bizləri irəliyə aparacaq.
Sizləri hər iki bayram münasibətilə təbrik edir, hər kəsə şəxsi və iş həyatında uğurlar və möhkəm cansağlığı arzulayıram. 2022-ci ilin birimiz üçün xoş günlərlə zəngin olmasını diləyirəm.