Avropa Təbiət Elmləri Akademiyasının xüsusi nəşri olan bioqrafik ensiklopediyanın 2021-ci il buraxılışında Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının dosenti, t.e.n. Mail Məhərrəmovun həyat və fəaliyyəti haqqında geniş məlumat çap olunub.
Qeyd edək ki, M.Məhərrəmov indiyədək 150-dən çox elmi-tibbi və kütləvi əsərin müəllifidir. Onun işlədiyi kafedradan olan həmmüəlliflərlə birgə 2004-cü ildə “Daxili xəstəliklər” dərslik kitabı, 2012, 2014 və 2018- illərdə “Daxili orqanların xəstəliklərinin diaqnozu və müalicəsi” adlı 3 cildlik monoqrafiyası nəşr edilib.
Tələbələrə həkimlik sənətinin incəliklərini öyrədən M.Məhərrəmov bir sıra ölkələrin tibb müəssisələri ilə yaxından əməkdaşlıq edir. Məlumat üçün bildirək ki, o, həkim-xəstə münasibətlərini, xüsusilə deontologiya və həkimlik etikasını öz fəaliyyətində yüksək səviyyədə əks etdirdiyinə görə, 2003-cü ildə «XXI əsrin tanınmış ziyalısı» diplomu ilə təltif edilib. Bundan başqa, M.Məhərrəmov Rusiya Federasiyası Fizioterapevtlər və Kurortoloqlar Tibbi Elmi Cəmiyyətinin üzvüdür.
O, 2013-cü ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) “Fəxri professoru” və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Dosent M.Məhərrəmov 2013-cü ildə "Hippokrat" ordeni, 2015-ci ildə isə TDABEA-nın "Beynəlxalq qızıl ulduz medalı" ilə təltif olunub.