Qış imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetində İmtahan Nəzarət Qrupu üzvlərinin iştirakı ilə iclas keçirilib. İclası universitetin Tədris və müalicə işlər üzrə prorektoru, professor Sabir Əliyev açıb.
Professor universitetin keçiriləcək imtahanlara tam hazır vəziyyətdə olmasına diqqət çəkib. Bildirib ki, bu məsələdə əsas məsuliyyət imtahan nəzarətçilərinin üzərinə düşür. Bu səbəbdən nəzarətçiləri imtahan prosesi zamanı intizamlı və məsuliyyətli olmağa səsləyib, aşkar olunacaq hər hansı pozuntularla bağlı tədbir görmələrini tapşırıb.
Dekan və dekan müavinlərinin də iştirak etdiyi bu tədbirdə Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova da fikirlərini səsləndiriblər. Onlar da öz çıxışlarında universitetin texniki-təchizat baxımından imtahanlara tam çəkildə hazır olduğunu bildirib, nəzarətçilərin məsuliyyətindən danışıblar.
Nəzarət Qrupunun rəhbəri Pəri İsaqova isə öz çıxışında universitetin reytinqinin yüksəlməsində imtahanların şəffaf keçirilməsinin oynadığı rolu vurğulayıb. Bu baxımdan nəzarətçilərin üzərinə böyük məsuliyyət düşdüyünü, bunu onların hər birinin yaxşı dərk etdiyini bildirib. P.İsaqova İmtahan Nəzarət Qrupunun hər bir üzvünün imtahan prosesinə nəzarət etmək üçün tam şəkildə hazır olduğunu, onların üzərlərinə düşən öhdəlikləri yaxşı bildiklərini və layiqincə yerinə yetirəcəklərini nəzərə çatdırıb.