“Uşaqlar arasında qripə yoluxma riski daha çoxdur”

 

Professor Nailə Sultanova: “Virus infeksiyalarını öz axarına buraxmaq, evdə müalicə etmək olmaz”

Son aylar uşaqlar arasında kəskin virus infeksiyası yayılıb. Əsas əlamətləri quru öskürək, yüksək hərarət, halsızlıq olan bu xəstəlik bəzən bir həftəyə qədər uzanır və uşaqları əldən salır. Mütəxəssislər bağça və məktəbyaşlı uşaqlar arasında geniş yayılan bu xəstəliyin kəskin respirator virus infeksiyası olduğunu deyirlər.

Azərbaycan Tibb Universitetinin ІІ Uşaq xəstəlikləri kafedrasının müdir əvəzi, professor Nailə Sultanova müşahidə edilən xəstəliyi mövsümi qrip kimi xarakterizə edir. Onun sözlərinə görə, davamlı isti havadan sonra temperaturun soyuması uşaqlar arasında mövsümi xarakter daşıyan infeksiyaların yayılmasına şərait yaradır. Odur ki, payız və qış aylarında uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. Bu qripin yayılmasına soyuq havalarla yanaşı, həm də uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması şərait yaradır: “Məhz buna görə də virus infeksiyalarına daha çox məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında rast gəlinir. Bu infeksiyaların yayılmasına əsas səbəb kollektiv yerlərdə qripi törədən adeno, rino, rota, para qrip kimi yüzlərlə virusların olmasıdır. Qrip virusları hər yaş qrupundan olan uşaqlarda rast gəlinən və ağır fəsadlarla nəticələnən xəstəliklərə aid edilir”.

Professor N.Sultanova bildirir ki, uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur. Çünki uşaq orqanizminin daha həsas olması, immun sisteminin tam formalaşmaması, böyümə və inkişaf proseslərinin davamlı getməsi, sürətli maddələr mübadiləsi, orqan və toxumaların qan təchizatı ilə zənginliyi virusların və bakteriyaların inkişafını stimullaşdırır, xəstələnmə riskini artırır.

Mütəxəssisin sözlərinə görə, uşaqlarda mövsümü qriplərin ümumi oxşar kliniki əlamətləri ilə yanaşı, törədicilərindən asılı olaraq fərdi xüsusiyyətləri də var: “Belə ki, ümumi qrip simptomları ilə yanaşı, rota virus törədicisi qusma və ishalla, adenovirus zamanı konyuktivit, rinovirus tonzilit, sinusit kimi əlamətlərlə də özlərini büruzə verir. Qrip ilk növbədə ağırlaşmaları ilə təhlükəlidir. Bu ağırlaşmalar sırasına pnevmoniya, meningit və ensefalit, miozit, otit, rinit, sinusit və bronxit aiddir. Premorbit fonu olan (raxit, hipotrafiya, anemiya və s.) erkən yaşlı uşaqlarda və xroniki xəstəlikləri (bronxial astma, revmatik qızdırma, ürək damar xəstəlikləri və s.) olan uşaqlarda qripin fəsadlaşması erkən müşahidə edilərək daha tez zamanda kəskin ağırlaşmalarla nəticələnə bilər”.

Xəstə uşaqlar məktəbə, bağçaya göndərilməməlidir

N.Sultanova bildirir ki, qripi öz axarına buraxmaq, evdə müalicə etmək və ələlxüsus da, xəstəliyin öz-özünə keçməsini gözləmək olmaz. Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn uşaqlarda qripin əlamətlərini görməli, hansı həkimə müraciət etməyi və profilaktik tədbirləri bilməlidir. Valideynlərlə daimi olaraq maarifləndirmə işi aparılmalı, uşaqlar fəslə uyğun olaraq geyindirilməli, vitaminlərlə zəngin keyfiyyətli qidalar verilməli, gigiyenik qaydalara riayət etmələri başa salınmalıdır. Tətbiq olunan müalicə patogenetik və simptomatik olmalıdır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər.

Virusla əlaqəni tamamilə kəsməyin mümkünsüz olduğunu bildirən həkim məsləhət görür ki, insanların çox olduğu yerlərdən uzaq duraq. Çünki virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır: “Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə, bağçaya göndərilməsin. Profilaktik tədbirlər kimi uşağın təcrid olunması yoluxma ehtimalının azaldılmasına səbəb ola bilər. Bu zaman mümkün qədər uşaqların immun sisteminin möhkəmlənməsinə, xüsusən də qidalanmasına fikir verilməlidir”.

Qrip zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var. Buraya virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması (təkcə yeməkdən əvvəl yox), antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi aiddir.

Bəs qripin profilaktikasında peyvəndləmə hansı yeri tutur? ATU-nun professoru deyir ki, bu çox önəmlidir. Qripə qarşı immunizasiya prosesi mövsümi qrip başlamazdan əvvəl aparılmalıdır. Bu halda xəstəliyin epidemik yayılma dövrünə qədər insanlarda immun cavab formalaşır. Çünki vaksin vurulmuş şəxsin bədənində anticismlər 12-15 gündən sonra aşkarlanır.

“Qrip virusu praktik olaraq hər il mutasiya etdiyi üçün ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər uşaq cari mövsümdə qripə yoluxubsa, bu o demək deyil ki, virusun başqa ştammı ilə qarşılaşsa, vəziyyət bir də təkrarlanmayacaq. Ona görə də qrip əleyhinə peyvəndləməni hər il arapmaq lazım gəlir. Hər mövsüm üçün qrip peyvəndi istehsal olunur, bunlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜSM) tərəfindən proqnozlaşdırılan qrip viruslarının (ən azı 3) faktiki ştammları daxildir”, - N.Sultanova deyir.

Allergik insanlar virus infeksiyalarına meyillidir

Həkim bildirir ki, mövsüm dəyişikliyi uşaqlarda həm də allergik fəsadlar üçün trigger faktoru olaraq xəstəliklərin kəskinləşməsinə təkan verir. Belə ki, allergik xəstəliklər ilin bütün fəsillərində müşahidə olunsa da, bəzi allergiyalar mövsümi xarakter daşıyır. Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər.

Uşaqların sağlamlığına diqqət etmək, qrip və respirator virus infeksiyalarının profilaktikası üçün tövsiyələri həyata keçirmək onların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

İqlim dəyişkənliyi, əhali sıxlığının artması, miqrasiya axını, biotexnologiyanın inkişafı, iqtisadiyyatın qloballaşması və digər amillər yeni infeksiyaların yaranmasına və yayılmasına rəvac verir. İnfeksion xəstəliklərin epidemiyaları ilə əlaqəli bioloji təhlükələr qlobal xarakter daşıyır. Bütün dünya ölkələri infeksiyaların meydana gəlməsinin və yayılmasının qarşısını almaq, vaxtında diaqnoz qoymaq, müalicə və profilaktik metodları inkişaf etdirmək və vaksinlər yaratmaq üçün koordinasiyalı tədbirlərə hazır olmalıdır.