Tibb Universitetində fərqli layihə həyata keçirilib

“Təməl EKQ-ni bəlkə də heç bir kitabdan belə asan şəkildə öyrənmək mümkün olmazdı”

 

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) təşkilatçılığı, Elm və təhsil departamentinin dəstəyi ilə ötən il noyabrın 20-də başlanan "Təməl EKG sertifikasiya videokursu" layihəsi dekabrın sonlarında başa çatıb. Kursda 80-dən çox həkim, rezident, tibb tələbələri iştirak edib.

Onlar bu layihə vasitəsilə EKQ-ni və xəstələrə ilkin diaqnoz qoymaq bacarıqlarını mənimsəyiblər. Kursun sonunda iştirakçılar imtahan verib. 75 faiz və yuxarı nəticə göstərənlərə ATU THİK tərəfindən sertifikatlar təqdim olunub. Onlar Master EKG kursuna qatılmaq hüququ qazanıblar. 75 faizdən aşağı nəticə göstərənlərə “iştirak sertifikatı” verilib. Bütün iştirakçılar videokursa istinadən hazırlanmış elektron "Dr.Restart - EKG təkrar kitabçası"nı əldə ediblər.

Qeyd edək ki, iştirakçıların əksəriyyəti kursun formatı və məzmunundan razı qalıb. Yüksək bal toplayan Lalə Ayvazova da onlardan biridir. Dediyinə görə, kurs sadə, aydın dillə izah olunub, informativ idi: “Təməl EKQ-ni bəlkə də heç bir kitabdan belə asan şəkildə öyrənmək mümkün olmazdı”.

Kursu yüksək dəyərləndirən L.Ayvazova gələcəkdə klinik EKQ-yə dair də kursların təşkil olunmasını təklif edir.

Məlumat üçün deyək ki, "Təməl EKG kursu" layihəsinə yenidən start verilib. Qoşulmaq istəyənlər ATU THİK ilə əlaqə saxlaya bilərlər.