Cavanşir Məhərrəmov: Əməkdaşlarımız xaricdə beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif treninqlərin sertifikatları ilə təltif olunub
Son illər təcili tibbi yardım xidmətləri bütün dünyada olduğu kimi, ölkəmizdə də sürətlə inkişaf etməkdədir. Azərbaycan Tibb Universitetində aparılan islahatlar, davamlı təhsil sistemi və məqsədyönlü ixtisaslaşma bu xidmət sahəsinin də əsasını təşkil edir.
Təcili tibbi yardım sahəsində hazırki vəziyyət, işin təşkili, əsas prinsiplər barədə ATU-nun Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib:
“Şöbəmizdə yaradılan tibbi xidmət şəraiti klinikadakı digər şöbələrlə paralel olaraq əhalimizin sağlamlığının keşiyindədir. Burada çalışan yüksək ixtisaslı tibbi heyət ölkəmizin istənilən nöqtəsindən müraciət edən hər bir xəstəyə operativ şəkildə ilkin, sonrakı mərhələdə isə xəstəxana daxilində hərtərəfli tibbi yardım göstərməyə qadirdir”.
Şöbənin necə işləməsindən bəhs edən həkim dedi ki, çağırış olan zaman həkim briqadası canlı telefon konsultasiyasından sonra xəstəyə müvafiq yardım strategiyasını müəyyənləşdirir: “Qeyd edim ki, burada hər gün 24 saat koordinasiya xidməti fəaliyyət göstərir. Şöbəmiz və ambulanslarımız ən son tibbi avadanlıqlarla təchiz olunub. Vətəndaşlarımız 973 nömrəsini yığmaqla bizim tibbi təhsilli, o cümlədən bir neçə xarici dili bilən koordinatorumuzla əlaqə saxlayır və müraciət qəbul olunduqdan sonra professional tibbi briqada - həkim, tibb bacısı, sürücü (paramedik) qısa müddətdə xəstənin ünvanına çatır”.
Şöbə müdirinin sözlərinə görə, burada fəaliyyət göstərən əməkdaşlar xaricdə beynəlxalq təlimlərdə iştirak edib: “Qəbul və təcili tibbi yardım şöbəsindəki həkimlərin əksəriyyəti BLS, ATLS, ACLS, PHTLS treninqlərinin sertifikatları ilə təltif olunub. Bundan əlavə, şöbənin tibbi personalı xəstəxananın digər bölmələrində də praktiki təcrübə keçib.
Şöbəmiz öz-özlüyündə kiçik bir xəstəxana - ambulatoriyaya bənzəyir. Burada dünya standartlarına uyğun, ən müasir avadanlıqlarla təchiz olunmuş reanimasiya, xəstələri çeşidləmə, müayinə və müşahidə otaqları, hətta izolyator var. Xəstə klinikaya daxil olan kimi, ona şöbədə bütün növ ilkin və təxirəsalınmaz tibbi yardım göstərilir. Xəstənin vəziyyəti tam stabilləşəndən sonra şöbənin müşahidə otağına və yaxud digər bölmələrə keçirilir”.
C.Məhərrəmov onu da qeyd etdi ki, hazırki pandemiya şərtlərinə əsasən, daxil olan xəstələr hələ ambulansda olarkən test müayinəsi aparılır. Nəticə “neqativ” olduğu təqdirdə, xəstə şöbəyə yerləşdirilir. Burada, həmcinin planlı şəkildə xəstələrin müayinəsi, cesidlənməsi, o cümlədən ambulator müalicəsi və ehtiyac yarandıqda, müvafiq şöbələrdə yatışı da həyata keçirilir.