Şəhid ailələri və qazilərimizin müayinə və müalicə olunduğu aksiyada ATU-nun tələbələri də iştirak edib
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvləri və qazilər üçün növbəti tibbi aksiya Biləsuvar rayonunda təşkil olunub. “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə yanvarın 15-də Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələrdə Biləsuvar və ətraf rayonlardan qeyd edilən həssas kateqoriyaya aid, ümumilikdə 300-dən çox vətəndaş iştirak edib.
Aksiya zamanı müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb, nəticələrdən asılı olaraq müvafiq müalicə kursları təyin edilib. Həmçinin xəstələr zəruri dərman vasitələri ilə təmin olunub, digər patologiya aşkarlanan şəxslər ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.
Silsilə tədbirlər şəklində baş tutan tibbi aksiyada AKHA-nın sədri Oqtay Mehdiyev və ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirovanın təşəbbüsü ilə universitetimizin tələbələri də növbəti dəfə iştirak ediblər. Belə ki, adıçəkilən fakültənin 4-cü kurs tələbəsi Aysel Səfərli, 5-ci kurs tələbələri Zahid Azayev, Musa Süleymanov, Ünal Muhammed Yarıcı, 6-cı kurs tələbələri Nərmin Əhmədova, Kəmalə Əsədova, Rüfət Heydərov, Ülkər Xasıyeva, Rəqsanə Qarakişiyeva, Aygün Məmmədova, Fəridə Şahbazzadə, Aysel Yusifova olmaqla 12 tələbə aksiyaya könüllü şəkildə qatılıb.
Onlar oftalmoloji kabinetdə oftalmoskopiya, görmə itiliyinin müayinəsi, refraktometriya, gözün biomikroskopiyası kimi müayinələrin həyata keçirilməsi, cərrahi müalicəyə ehtiyacı olan pasiyentlərin sonrakı müayinə və müalicəsi məqsədilə siyahıya alınmasında; USM otağında tiroid, qarın və kiçik çanaq boşluğu orqanlarının müayinəsində; psixoloji şöbədə qazilərimizin və şəhid ailə üzvlərinin müharibə və müharibədən sonrakı dövrdə yaşadıqları çətinlikləri, sinir-psixi sarsıntıları dinləyərək onlara psixoloji yardım göstərilməsində iştirak ediblər.
Eləcə də, tələbələrimiz kardioloji kabinetdə anamnezin toplanması, auskultasiya, qan təzyiqinin ölçülməsi, EKQ-nin çəkilməsi və exokardioqrafiya kimi müayinələr, həmin müayinə və anamnez nəticələrinə uyğun xəstənin vəziyyətinin dəyərləndirilməsi və diaqnozun qoyulmasında yaxından köməklik göstərərək həkimlərimizə dəstək olublar.