ATU-nun Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə rezidentlər üçün keçirilən mühazirələr davam edir.
Tədris Cərrahiyyə Klinikasında “İnfuzion terapiya: əsas aspektlər” mövzusunda Anesteziologiya və reanimatologiya kafedrasının dosenti İsrail Məhərrəmbəylinin mühazirəsi dinlənilib.
İ.Məhərrəmbəyli bu mövzunu təsadüfən seçmədiyini bildirib: “Uzun illərdir tələbələrlə, rezidentlərlə işləyən həkim kimi apardığım müşahidələr göstərir ki, onlar xəstənin vəziyyətini qiymətləndirməkdə daha çox çətinlik çəkirlər. Yəni böhranlı vəziyyətlərdə xəstələrə ilkin yardımın göstərilməsi, onların şöbələrə yerləşdirilməsi, infuziv terapiyanın həcmini müəyyən etmək və təcili korreksiya aparmaq olduqca zəruridir. İlk növbədə xəstənin ümumi və yaxud intensiv terapiya şöbəsinə yerləşdirilməsinə düzgün qərar verilməlidir”.
Praktik fəaliyyət zamanı rast gəlinən problemləri operativ həll etmək üçün görülməsi vacib olan tibbi tədbirlərə toxunan reanimatoloq, intensiv terapiyanın istiqamətlərindən də söhbət açıb. O, aparılan klinik, laborator, monitor və funksional müşahidələrin əhəmiyyətini vurğulayıb, eyni zamanda qan itkilərinin dərəcəsini, həcmini müəyyən edərək, bu itkinin müqabilində xəstəyə köçürüləcək mayenin miqdarını, tərkibini müəyyənləşdirməyin klassik və müasir vasitələrini diqqətə çatdırıb.
Geniş diskussiya şəraitində keçən tədbirdə rezidentlər qarşılaşdıqları situasiyalarla bağlı öz rəylərini və fikirlərini bölüşüblər. Həmçinin onları maraqlandıran suallara aydınlıq gətirilib.