“COVID-19 və hamiləlik” mövzusunda seminar keçirilib

 

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti ənənəvi seminar keçirilib. Seminarı giriş sözü ilə I Mama-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva açıb.

Bu tipli seminarları tədrisdə bir üsul kimi dəyərləndirən professor, gənc alimlərin və gələcəyin həkimlərinin formalaşmasında onların müstəsna rolu olduğunu bildirib: “Bu günkü seminarımız dünyanın ən aktual problemi olan koronavirusa yoluxmuş hamilələrin hamiləliyi necə keçirmələrinə, müayinə və mülicə yollarına, xəstəliyin törədə biləcəyi fəsadlara həsr olunub. Burada dünyada baş verən yeniliklərdən, tətbiq olunan yeni üsullardan da söhbət açılacaq”.

Növbəti çıxış edənlər - I Mama-ginekologiya kafedrasının dosenti İradə Sultanova, ATU TCK-nın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da seminarın əhəmiyyətindən danışıblar.

Sonra adıçəkilən kafedranın III kurs rezidenti Nərmin Dahazi “COVID-19 və hamiləlik” mövzusunda maraqlı məruzə ilə çıxış edib. O, koronavirusun yaranma tarixindən, son illər pandemiya kimi geniş yayılmasından, bəşəriyyətə, o cümlədən hamilələrə və körpələrə  vurduğu ziyandan söhbət açıb. O cümlədən hamilələrin xəstəlikdən özlərini necə qoruma yollarına diqqət çəkib.

Seminar maraqlı diskussiya ilə işini başa çatdırıb.