12 yaşlı ağır skoliozlu xəstə uğurla əməliyyat olunub

 

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında skolioz diaqnozu qoyulmuş 12 yaşlı uşaq cərrahi əməliyyata məruz qalıb. Əməliyyat klinkanın Neyrocərrahiyyə şöbəsinin assistenti Cəmil İskəndərovun rəhbərliyi ilə həyata keçirilib.

Neyrocərrahın bildirdiyinə görə, uşaqda skolioz xəstəliyi 10 yaşında aşkar olunub: “Xəstə son dövrlər korsetdən istifadə etməsinə baxmayaraq, onda sürətlə əyilmə prosesinin getməsi müşahidə edilirdi. Əyilmə 45 dərəcədən artıq idi. Prosesin qarşısını almaq mümkün olmadığı üçün onu əməliyyat etməyi qərara aldıq. Sevindirici haldır ki, əməliyyat uğurlu həyata keçdi. Artıq ertəsi gün xəstə gəzdirildi. Vəziyyəti qənaətbəxş olduğu üçün 4 gündən sonra evə yazıldı. O hazırda özünü normal hiss edir”.

Həkim bunun ağır əməliyyat olmasına baxmayaraq, uşağın onurğasının tez bir zamanda bərpa olunacağına, normal həyata dönəcəyinə və təhsilini davam etdirəcəyinə əminliyini də diqqətə çatdırdı.