Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tələbələri 2 fevral – Gənclər Günü münasibəti ilə təbrik edib.
Rektor ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirib:
“Dövlətin gənclərlə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, gənc nəsil 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda könüllü vuruşdu. Eləcə də, ATU-nun gənc həkimləri, məzunları, tələbələri döyüş meydanında qəhrəmanlıq, igidlik, misilsiz rəşadət göstərdilər. İstər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıq göstərən ATU yetirmələri Azərbaycan gəncliyinin hər şeyə qadir olduğunu bir daha sübut etdi.
Azərbaycan Tibb Universiteti olaraq tələbələrimizin həm yüksək ixtisaslı kadr kimi yetişməsi, gələcəkdə peşəkar həkim kimi fəaLiyyət göstərib insanlara yardım göstərməsi istiqamətində çox İşlər görürük, həm də gənclərimizin fərdi inkişafı üçün əlimizdən gələni əsirgəmirik. Tələbələrimiz və məzunlarımızın daim hər yerdə Azərbaycanımızın və ATU-nun adını layiqincə təmsil etməsi naminə bu tədbirləri daha da genişləndirmək niyyətindəyik.
Sizinlə fəxr edirik, Azərbaycan gəncləri, dəyərli tələbələrimiz! Hər birinizə can sağlığı, həyatda və təhsilinizdə uğurlar diləyirəm! Bayramınız mübarək!”