Gənclər Günü ilə bağlı silsilə tədbirlərin davamı olaraq Azərbaycan Tibb Universiteti daha bir idman yarışına ev sahibliyi edib. Belə ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ATU-nun İdman Kompleksində stolüstü tennis üzrə yarış keçirilib.
“Təbib” idman klubunun sədri Qələndər Aslanov yarışın təşkilatçılarını və iştirakçılarını universitet rəhbəriliyi adından salamlayaraq gənc idmançılara uğurlar arzulayıb.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə ölkəmizdə gənclər siyasətinin uğurla aparıldığını, bu istiqamətdə zəruri addımlar atıldığını vurğulayıblar. Onlar bu cür idman yarışlarınının sağlam gəncliyin formalaşmasındakı rolunu yüksək qiymətləndirərək, güclülərin qalib gələcəyinə inamlarını ifadə ediblər.
Dövlət Himnimiz səsləndirildikdən sonra qızlardan və oğlanlardan ibarət komandaların yarışına start verilib. Eyni zamanda, idmançılar şəxsi yarışlarda da güclərini sınayıblar. Yarışa ATU-nun komandası da qatılaraq yüksək nəticə göstərib. Yarış idman ustası, əməkdar məşqçi Qulu Quliyevin baş hakimliyi ilə keçirilib.
Qızlar arasında Nərgiz Həsənova 1-ci, Fatimə Əmirəliyeva 2-ci, Azin Ali Mohammadı 3-cü, oğlanlar arasında isə Əli Balakişiyev 1-ci, Alhareth Ben Saleh 2-ci və Bilal Kavak 3-cü yeri tutub. Yarışın sonunda qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları təqdim olunub.