Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları və “Sağlam Təhsil – Sağlam Millət” layihəsinin həkim-ekspertləri - dosentlər Nigar Süleymanzadə, Sədaqət Həsənova, Zöhrə İsmayılova, assistent İradə Mustafayeva, baş laborant Nərminə Cəfərzadə tərəfindən 27 dekabr 2021-ci ildən başlayaraq adıçəkilən layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin “Sağlam təhsil” siniflərində şəxsi gigiyena mövzusunda maarifləndirici görüşlər həyata keçirilib.
Əsas məqsəd uşaqların şəxsi gigiyena ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasıdır. Xüsusilə pandemiya dövründə aktual olan əllərin düzgün yuyulması haqqında geniş məlumat verilib, yeməkdən əvvəl və sonra, ictimai nəqliyyat və sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən sonra əlləri axar suda sabunla yumaq, əlləri silmək üçün kağız dəsmallardan istifadə, əllərin ağız, burun, göz ilə təmasından çəkinmək tövsiyə olunub. Təhsilalanlara, həmçinin ağız boşluğunun gigiyenası, bədənə düzgün qulluq haqqında məlumat verilib.
Görüşlərin maraqlı olması üçün elektron təqdimat formasında əyani şəkillər üzərində şagirdlərlə diskussiya aparılıb və onları maraqlandıran suallara aydınlıq gətirilib.
Maarifləndirmə tədbirləri məktəblərin rəhbərlikləri və valideynlər tərəfindən yüksək qiymətləndirilib, sağlamlığın qorunması üzrə digər mövzular üzrə də davam etdirilməsi arzusu bildirilib.