Fevralın 2-də Gənclər həftəsi çərçivəsində Nəsimi rayon Gənclər və İdman İdarəsi, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Consensus Intellectual Center”in birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin 4 saylı tədris binasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və "Consensus Intellectual Center"in koordinatoru Elvin Əliyev çıxış edərək bildiriblər ki, Gənclər Gününün təsis olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Natiqlər Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin bu gün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır.
Çıxışlardan sonra yarışa start verilib. 14 komandanın iştirak etdiyi yarışda Bakı Mühəndislik Universitetinin komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası II, Azərbaycan Turizm və Menecment Universitetinin komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunublar.