Professor Gəray Gəraybəyli: Vətənpərvər dövlət siyasətinin nəticəsi idi ki, gənc nəsil Vətən müharibəsində böyük coşğuyla vuruşdu
Bu gün Azərbaycan Tibb Universitetininin rektoru, professor Gəray Gəraybəylinin 2 fevral - Gənclər Günü münasibəti aktiv tələbələrlə görüşü olub. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rektor tələbələri salamlayıb.
Bildirib ki, bu il gənclərimiz bu bayramı başqa ab-havada keçirirlər: “Bunun səbəbi 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsi ilə əlaqədardır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı dünya ictimaiyyəti qarşısında nəyə qadir olduğunu bir daha göstərdi. Şübhəsiz, bu qələbənin, zəfərin reallaşmasında gənclərimizin əvəzsiz rolu oldu. Biz bunu hər zaman qeyd etməliyik və unutmamalıyıq”.
Rektor çıxışı zamanı ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş söhbət açıb. Sovet ittifaqı zamanında Azərbaycan gənclərinin Moskva, Sankt-Peterburq, Kiyev kimi şəhərlərdə ali təhsil alması və savadlı mütəxəssislər kimi yetişməsində ulu öndərin müstəsna rolu olduğunu vurğulayıb: “Yaxşı yadımdadır ki, hər il ulu öndər Azərbaycandan qəbul olmuş tələbələri şəxsən qəbul edər, onlara öz xeyir-duasını verərdi. O istər sovet, istərsə də müstəqillik dövründə gənclərin inkişafına böyük diqqət yetirib. 1996-cı ildə məhz ulu öndər Heydər Əliyevin tapşırığı ilə respublikada ilk dəfə Gənclər Formu keçirilib. Dövlətin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, gənc nəsil 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda böyük coşğuyla vuruşdu. Eləcə də, ATU-nun gənc həkimləri, məzunları, tələbələri döyüş meydanında qəhrəmanlıq, igidlik, misilsiz rəşadət göstərdilər. İstər ön, istərsə də arxa cəbhədə böyük fədakarlığı ilə seçilən universitetimizin yetirmələri Azərbaycan gəncliyinin gücünü bir daha nümayiş etdirdi”.
Professor G.Gəraybəyli, həmçinin ATU-da aparılan islahatlara toxunaraq, universitetin ictimai həyatında tələbələrin fəal roluna diqqət çəkib, məzunlarımızın dünyanın hər yerində ölkəmizi uğurla təmsil etdiklərini vurğulayıb: “Azərbaycan Tibb Universiteti olaraq tələbələrimizin həm yüksək ixtisaslı kadrlar kimi yetişməsi, gələcəkdə insanlara peşəkar tibbi yardım göstərməsi istiqamətində çox işlər görürük, həm də gənclərimizin fərdi inkişafı üçün əlimizdən gələni edirik. Tələbələrimiz və məzunlarımızın daim hər yerdə Azərbaycanımızın və ATU-nun adını layiqincə təmsil etməsi naminə bu tədbirləri daha da genişləndirmək niyyətindəyik”.
Daha sonra ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və tələbə Cavid Mustafazadə çıxış ediblər. Onlar dövlətimizin gənclərə göstərdiyi hərtərəfli qayğıdan bəhs edib, rektora universitetdə tələbələr üçün yaradılan yüksək şəraitə və isti münasibətə görə təşəkkürlərini bildiriblər.
Sonda təhsildə uğurları və universitetin ictimai həyatında aktivliyi ilə seçilən tələbələr Məhmməd Məmmədov, Vahid Rzayev, Dilbər Əliyeva, Cavid Mustafazadə, İlkanə Quluzadə, Aysel İsmixanova, Lamiyə Səhratzadə, Nailə Əhmədova, Eltac Əlizadə, Şahverdi Mirzəyev, Aliyə Şahbazova, Arzu Musayeva, Natiq Kərimov və Fidan Seyfullayevaya “Fəxri fərman”lar təqdim olunub.