Azərbaycan səhiyyəsi tarixində bir ilk olan bu hadisə, universitetin qarşısında yeni üfiqlər açır.
Azərbaycan Tibb Universitetinin tədris proqramları Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçib. Uzunmüddətli akkreditasiya prosesi Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən aparılıb. Nəhayət, yanvarın 28-də beynəlxalq qurumun ali orqanı tərəfindən akkreditasiya müraciətinə müsbət cavab verilib.
Bu münasibətlə dünən ATU-da müvafiq sertifikatın təntənəli şəkildə təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli qonaqları və media nümayəndələrini salamlayaraq, bu hadisənin ölkəmizdə bir ilk olduğunu diqqətə çatdırıb.
ATU-nun beynəlxalq akkreditasiyanı keçməsinin əhəmiyyəti haqda danışan rektor bildirib ki, bu proses 3 ildən çox davam edib. İki il ərzində isə aktiv faza olub. Ötən müddət ərzində universitetdə Türkiyədən və digər ölkələrdən çoxsaylı ekspertlər qonaq olub və tədris prosesi ilə yaxından tanış olublar. Qoyulmuş tələblər əsasında ATU-da çoxsaylı işlər görülüb, dəyişikliklər, bir sıra istiqamətlərdə təkmilləşdirmə aparılıb. 21-25 noyabr 2021-ci il tarixlərində Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti Bakıya səfər edərək ATU-da təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yerində yoxlamalar keçirib. Tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin və s. işinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndirilib.
Professor Gəray Gəraybəyli qeyd edib ki, ATU-nun təqdim etdiyi hər 3 – Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə ən böyük müddətə - 5 illiyinə akkreditasiyadan keçirilməsi universitet və ölkəmiz üçün böyük əhəmiyyətli hadisədir. ATU-nun 91 illik tarixində bənzər hadisə olmadığını deyən rektor, bu qərarın verəcəyi üstünlüklərdən danışıb. Bildirib ki, bu, ilk növbədə ATU-nun beynəlxalq arenada nüfuzunun yüksəlməsi, reytinq siyahılarında daha yüksək yerlər əldə etməsi deməkdir. Bundan başqa, xarici tələbələrin ATU-ya daha çox sayda cəlb olunması və bu coğrafiyanın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Nəhayət, Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin bu qərarı ATU-nun məzunlarının diplomlarının xarici ölkələr tərəfindən tanınması və onların nüfuzlu tibb müəssisələrində iş tapması baxımından irəliyə doğru böyük bir addımdır.
ATU-nun bütün kollektivini bu əlamətdar hadisə münasibətilə təbrik edən rektor tədbir iştirakçılarına məlumat verib ki, universitetin IAAR-la əməkdaşlığı çərçivəsində bu gün daha bir memorandum imzalanacaq. Belə ki, prosesin davamı olaraq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik həm özünün, həm də dünya səviyyəli digər reytinq qurumlarının siyahılarına düşməsi və yüksək yerlər tutması üçün ATU-ya məsləhət xidməti göstərəcək.
Toplantıda çıxış edən IAAR beynəlxalq akkreditasiya təşkilatının rəsmi nümayəndəsi, professor Olqa Yanovskaya Azərbaycan Tibb Universitetində olmaqdan məmnun olduğunu bildirib və kollektivi beynəlxalq akkreditasiyadan keçmək münasibətilə təbrik edib. O bu hadisənin qloballaşan dünyada bir ali təhsil müəssisəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Xüsusilə tibb təhsili üzrə dünyada beynəlmiləlləşmə gedir. Bundan sonra Azərbaycan Tibb Universiteti dünya təhsil bazarında daha cəlbedici olacaq. Nəticədə, həm əcnəbi tələbələrin sayı artacaq, həm də tədrisin keyfiyyəti daha da yüksələcək”.
Çıxışlardan sonra IAAR-ın beynəlxalq səviyyəli sertifikatları ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təqdim olunub. Daha sonra növbəti dövr üçün qurumla ATU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, toplantıda IAAR-ın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Aykız Bauyrzhankızı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də ATU-nun nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education –WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılır.