Təkcə magistratura təhsil pilləsi üzrə 83 fəndən imtahanlar keçirilib
Azərbaycan Tibb Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.
İmtahan Mərkəzindən aldığımız məlumata görə, cədvəl üzrə yanvarın 3-dən başlayan sessiya fevralın 1-də tamamlanıb. Üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələr üçün fevralın 3-4 və 7-8-də əlavə imtahanlar təşkil olunub. Bəzən bir gündə 5 min tələbənin imtahan verməsinə baxmayaraq, ciddi qayda pozuntusu və ya texniki problemlərə rast gəlinməyib.
Bu semestrdə ənənəvi qaydalar yenidən bərpa olunub. Belə ki, universitetin rektorunun göstərişinə əsasən, internetdə yerləşdirilmiş nümunəvi sualların sayı azaldılaraq 100-ə endirilib, digər suallar isə gizli saxlanılıb. Bu da özünün müsbət nəticəsini göstərib. Belə ki, 1-ci kursun tibb fənnlərindən demək olar ki, 50 bal toplayan tələbə olmayıb. Bu isə o deməkdir ki, tələbənin əsl biliyinə qiymət verilib. Ən yüksək 48 bal toplanılıb.
“Elektron universitet” layihəsi sayəsində istər imtahan prosesinin gedişi, istərsə də tələbələrin davamiyyəti baxımından şəffaflıq yüksək səviyyədə təmin olunub.
Yeri gəlmişkən, universitetimizdə magistratura təhsil pilləsi üzrə də 2021-2022 tədris ilində qış sessiya imtahanları yekunlaşıb. Sessiya 5 yanvar – 1 fevral aralığında baş tutub. 3 əsas (əczaçılıq, klinik psixologiya, səhiyyə menecmenti) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (əczaçılıq kimyası, farmakoqnoziya, toksikoloji kimya, əczaçılıq texnologiyası, əczaçılığın təşkili) üzrə 1 və 2-ci kurslarda cəmi 83 fənn üzrə imtahanlar keçirilib.
İxtisaslar üzrə əsas fənlərdən imtahanlar ənənəvi (bilet üzərindən) canlı formatda müvafiq kafedralarda təşkil olunub. Ümumi fənlər üzrə imtahanlar isə test mərkəzində reallaşıb.