Türkiyənin Biruni Universitesinin müəllimi ERASMUS+ mübadiləsi proqramı çərçivəsində ATU-ya gəlib

 

Azərbaycan Tibb Universiteti və Türkiyənin Biruni Universiteti arasında mövcud olan “Professor-müəllim heyətinin mobilliyi üzrə KA107 Erasmus+ mübadilə proqramı” çərçivəsində Biruni Univesitetinin Əczaçılıq fakültəsinin Bioloji kimya kafedrasının müəllimi dr. Ənvər Çıracı ATU-nun Bioloji kimya kafedrasında fəaliyyətə başlayıb. Qonağın proqram müddəti fevralın 5-dən 15-dək davam edəcək.

Əvvəlcə Bioloji kimya kafedrasında Ənvər Çıracı ilə tanışlıq görüşü keçirilib. Qonağı kafedranın professor-müəllim heyətinə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev təqdim edib. Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova qonağa təşəkkürünü bildirib və rəhbərlik etdiyi kafedra haqqında ümumi məlumat verib. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tibb təhsili və innovasiya şöbəsini müdiri Aygün Babayeva və Bioloji kimya kafedrasının professor-müəllim heyəti iştirak edib.

Qonağın Bioloji kimya kafedrasının əməkdaşları və rezidentləri üçün müxtəlif mövzulara həsr edilmiş seminarlar keçirməsi nəzərdə tutulub. Dr. Ənvər Çıracı proqram planına uyğun olaraq “Karbohidrat mübadiləsi. Qlikoliz və qlükozanın digər sərf edilmə yolları” mövzusunda ilk seminarını keçirib. Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və ATU-nun Bioloji kimya kafedrasının bu sahədə apardığı işlər və tədris proqramı haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, dr. Ənvər Çıracı ATU-da olduğu müddətdə, həmçinin kafedrada tədrisin təşkilində tətbiq olunan yeniliklərlə də tanış olacaq, eyni zamanda Biruni Universitetinin biokimiya sahəsində əldə etdiyi nailiyyətlər və tədris metodikasını kafedra əməkdaşları ilə bölüşəcək.