Biokimya kafedrasının doktorantları hesabat verib

 

Bu günlərdə Biokimya kafedrasında elmi işlərin hesabatına dair yığıncaq keçirilib. Kafedranın elmi işləri üzrə məsul şəxsi, baş müəllim İlhamə Kərimova kafedranın “Müxtəlif patoloji vəziyyətlərin biokimyəvi və molekulyar-genetik mexanizmlərinin tədqiqi” mövzusunda elmi-tədqiqat işinin 2021-ci il üçün aralıq hesabatını əməkdaşların nəzərinə çatdırıb.

Qeyd olunub ki, kafedrada elmi kadrların hazırlaması çərçivəsində 23 elmi-tədqiqat işi aparılır ki, onlardan 4-ü elmlər doktoru elmi dərəcəsi almaq üçün olan işlərdir. Hesabat ili ərzində 3 doktorantın dissertаsiyа işinin müdafiəsi keçirilib və sənədləri AAK-a təqdim edilib, 3 nəfərin isə işinin ilkin müzakirəsi aparılıb və sənədləri rəsmi müdafiə üçün Dissertasiya Şurasına təqdim edilib. Digər işlər üzrə tədqiqatlar müxtəlif mərhələlərdə davam etdirilir.

2020-2021-ci hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən 1 kitab, çoxsaylı məqalə və tezislər yerli və xarici mətbuatda dərc edilib. Məqalələrdən 3-ü Beynəlxalq Xülasələndirmə və İndeksləmə bazalarına daxil olan jurnallarda çap olunub. Kafedranın əməkdaşları respublikada və xaricdə keçirilən bir çox simpozium və vebinarlarda iştirakçı və məruzəçi kimi iştirak ediblər.

Yığıncaqda, həmçinin kafedranın doktorantlarının apardıqları elmi-tədqiqat işləri üzrə hesabatları dinlənilib və qiymətləndirilib. Sonda kafedra müdiri, professor Gülnarə Əzizova hesabat ili ərzində həyata keçirilən işlərə görə kafedra əməkdaşlarına öz təşəkkürünü bildirib.