Mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.
Hər il Azərbaycanda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Talassemiya xəstəliyinin ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir.
Ölkəmizdə son illərdə talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.