Azərbaycan Tibb Universitetində (ATU) “Türk Dillerinin Tıp Terimleri Sözlüğü” adlı çoxdilli fundamental nəşrin təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, layihənin koordinatoru Aynur Myemerova, millət vəkilləri Günay Əfəndiyeva, İlham Məmmədov, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın səfiri Maksat Mamıtkanov, Özbəkistanın səfiri Bahrom Aşrafxanov, professor Çingiz Rəhimov, Terminologiya Komitəsinin sədr müavini, professor Sayalı Sadıqova və AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış edərək, kitabla bağlı fikirlərini paylaşıblar.
Qeyd olunub ki, Türk Akademiyasının təşkilatçılığı ilə nəşr olunan kitab Azərbaycan Terminologiya Komitəsinin dəstəyi və 31 müəllifin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. İki cilddən ibarət olan nəşrdə 8000-ə yaxın tibbi termin yer alıb.
Natiqlər nəşri türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisə kimi dəyərləndiriblər. Bildirilib ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılması, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcək.
Kitabda terminlər 11 dildə ingilis və rus dilləri ilə yanaşı, 9 türk dilində- Azərbaycan, başkırt, qazax, qaraqalpaq, qırğız, özbək, tatar, türk və türkmən dillərində təqdim olunub. Terminlərin əsas bazası azərbaycanlı alimlər Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən hazırlanıb, daha sonra digər türk dövlətlərindən olan mütəxəssislər tərəfindən genişləndirilib.
Bu layihə türk dillərində ortaq terminoloji bazanın formalaşdırılması və gələcək elmi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.
Qeyd edək ki, kitabla tanış olmaq üçün link və QR-koddan istifadə etmək mümknüdür.



