Azərbaycanda səfərdə olan Litva səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene və Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla ATU-da görüş keçirilib.
Söhbət zamanı səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf imkanları müzakirə olunub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitet haqqında geniş məlumat verib. Tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi, universitetdə yeni açılmış ixsitisaslar, müasir laboratoriyalar haqda məlumatlar maraqla qarşılanıb. Bildirilib ki, tələbə-müəllim mübadiləsi hər iki ölkə üçün faydalı olardı.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən xanım Ausra Bilotiene-Motiejuniene ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun modernləşdirilməsinə töhfə verməyə hazır olduğunu qeyd edib.
Nazir müavini xatırladıb ki, cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Əməkdaşlıq Memorandumun imzalanıb: “İnanıram ki, bu sənəd ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.
Görüşdə, həmçinin tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qonaqlar tələbə-müəllim mübadiləsi məsələsinə müsbət yanaşdıqlarını bildiriblər.
Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, elmi katib, professor Nazim Pənahov, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva iştirak edirdilər.