Hər il oktyabrın 20-i Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kadesrasında tədbir keçirilib.
Tədbirdə kafedranın müdiri, professor Gülnarə Əzizova çıxış edib. Bildirib ki, osteoporoz xəstəliyi dünyada geniş yayılmış xəstəliklərdən hesab olunur və insanların əlililliyi ilə nəticələnə bilir: “Bu istiqamətdə kafedramızda da elmi araşdırmalar aparılır. “Osteoporoz zamanı biokimyəvi göstəricilərin dəyişilməsi” mövzusunda kafedranın magistri Humay Həsənova çıxış edəcək” .
H.Həsənova osteoporoz xəstəliyi barədə tədbir iştirakçılarına ümumi məlumat verib, xəstəliyin yaranma səbəblərindən danışıb. Bildirib ki, adıçəkilən xəstəlik sümük toxumasının metabolik pozğunluğu nəticəsində yaranır. Daha sonra sümük həcminin azalması müşahidə olunur. Bunun da nəticəsində sümüyün kövrəkliyi artır”.
Sümüklərin əyilmə və qırılması ilə müşahidə olunan xəstəliyin profilaktikası barədə məlumat verən H.Həsənova adıçəkilən xəstəliyin “lal epidemiya” adlandırıldığını da qeyd edib, müalicə yollarından söhbət açıb.
Tədbirin sonunda H.Həsənova mövzuya dair sualları geniş şəkildə cavablandırıb.