Azərbaycan Tibb Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq aprelin 18-də “Azərbaycan tarixi” kafedrasında keçirilən elmi-praktik konfransda əsas diqqət dahi şəxsiyyətin xalqımız üçün əvəzsiz xidmətlərinə yönəldildi.
Azərbaycan Tibb Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq aprelin 18-də "Azərbaycan tarixi" kafedrasında keçirilən elmi-praktik konfransda əsas diqqət dahi şəxsiyyətin xalqımız üçün əvəzsiz xidmətlərinə yönəldildi.
Konfransı açan kafedranın müdiri, professor Fəxrəddin Məmmədov giriş nitqində bildirdi ki, hər bir xalq, millət, məmləkət çətinə düşəndə böyük Tanrı o xalqa, o məmləkətə öz xilaskarını göndərir. Ulu öndər də məhz belə bir vaxtda-Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda gəldi və uzaqgörən syasəti sayəsində xalqı bəlalardan qurtardı. Dəmir məntiqi, qətiyyəti, natiqlik məharəti və hüdud tanımayan çoxşaxəli fəaliyyəti nəticəsində təkcə Azərbaycanda deyil, bütün dünyada böyük nüfuz qazanaraq dahilik zirvəsini fəth etdi.
Adı tarixə "Müstəqil Azərbaycanın memarı" kimi düşən Heydər Əliyev şəxsiyyətinin hələ dönə-dönə araşdırılmasına ehtiyac olduğunu deyən F.Məmmədov bugünkü konfransın əhəmiyyətini diqqətə çatdırdı.
Bundan sonra professor F.Məmmədov "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır", dosent C.Sadıqov "Heydər Əliyevin neft strategiyası", tarix üzrə fəlsəfə doktoru A.Təhməzova "Heydər Əliyevin azərbaycançılıq ideologiyası", iqtisadiyyat və hüququn əsasları kafedrasının müdiri, dosent Y.Vəliyev "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", Azərbaycan dili kafedrasının müdiri, dosent A.Miriyev "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", Əsaslı kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Z.Eminova "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", əczaçılıq fakültəsinin I kurs, 800a qrup tələbəsi Telli Əlizadə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzələrlə çıxış etdilər.