Azərbaycan Tibb Universitetinin (ATU) Biokimya kafedrasının əməkdaşları professor Gülnarə Əzizova, dosent Şəymən Həsənova, dosent Akif Qarayev, assistent Nərmin Bayramovanın müəllifliyi ilə yeni dərslik çapdan çıxıb. Kitab tələbələrlə yanaşı, tibb sahəsində çalışan hər kəs üçün əhəmiyyətli vəsait kimi nəzərdə tutulub.
Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizovanın sözlərinə görə, bu dərslik ictimai səhiyyə fakültəsində yaradılan yeni ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub: “Artıq 3 ildir ki, İctimai Səhiyyə fakültəsinin nəzdində fizioterapist, reablitoloq və ali tibb bacısı ixtisasları açılıb. Həm bu yeni ixtisaslar, həm də Hərbi tibb fakültəsinin nəzdindəki hərbi feldşer ixtisası üçün biokimya fənninə ayrılan saatlar müalicə-profilaktika fakültəsi ilə müqayisədə azdır. Hazırda kafedrada işlədilən “İnsan biokimyası əsasları” dərsliyi isə mövcud proqrama uyğun deyil”. Bu səbəbdən adıçəkilən ixtisaslar Tibbi biokimya üzrə daha sadə bir dərsliyin yaradılmasına qərar verilib.
Bu günlərdə işıq üzü görən dərslik 300 səhifə və bir cilddən ibarətdir. Həm statik, həm dinamik biokimya bölmələrini əhatə edən kitabda xüsusilə yuxarıda qeyd olunan ixtisaslar üçün önəmli olan bölmələrə geniş yer verilib.