49-cu diabet konqresi birbaşa yayımlandı
49-cu diabet konqresi birbaşa yayımlandı
Müasair texnologiyanın imkanlarından yetərincə yararlanan Azərbaycan Tibb Universitetində istənilən yeniliyin tətbiqi təəccüblü görünmür. Mütəmadi olaraq beynəlxalq səviyyəli konfrans və konqreslərə ev sahibliyi edən ali tibbi təhsil ocağımız daha bir yeniliyə-xarici ölkələrdə keçirilən konqresin Tədris-Terapevtik Klinikanın konfrans salonunda birbaşa yayımına start verdi.
Birbaşa yayımın açılışında çıxış edən klinikanın direktoru, professor Surxay Musayev bu cür tədbirlərin reallaşmasını ilk növbədə ölkə başçısı İlham Əliyev cənablarının təhsilə və səhiyyəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirdi. Eyni zamanda universitetin rektoru, akademik Əhliman Əmiraslanovun şəxsi nüfuzu sayəsində beynəlxalq əlaqələrin ildən-ilə genişləndiyini vurğulayaraq telekonfransların gələcəkdə də davam etdiriləcəyini dedi.
Bundan sonra Türkiyənin Antaliya şəhərində düzənlənən 49-cu Diabet konqresinin canlı yayımı izlənildi. Canlı yayım vasitəsi ilə aprelin 18-dən 21-dək aparıcı mütəxəssislərin şəkərli diabetin müayinə və müalicəsinə dair məruzələri dinlənildi. Ölkədən kənara çıxmadan 3 gün ərzində beynəlxalq konqresin iştirakçısına çevrilən professor-müəllim heyəti, endokrinoloq-həkimlər, rezidentlər və bu sahəyə maraq göstərən tədqiqatçılar öz suallarını birbaşa məruzəçilərə yönəltmək imkanı qazandılar.