Ən yaxşılar ATU-nu seçir
Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin əksəriyyəti Azərbaycan Tibb Universitetini seçir. Bu hal bu il də dəyişməyib. Onlardan bir neçəsinin fikirlərini öyrəndik.
Fidan Rəhimova 685.3 balla Müalicə-profilaktika fakültəsinə qəbul olunub: “Mən IV qrup üzrə imtahan verən abituriyentlər arasında respublika üzrə 2-ci yeri tutmuşam. Həkim olmaq uşaqlıqdan arzum idi. Bu səbəbdən Azərbaycan Tibb Universitetinə daxil olmaq istəyirdim. Çox xoşbəxtəm ki, hədəfimə çatdım”.
Turani Məhərrəmli 684.2 bal toplayıb. Gələcəyin cərrahı olmaq niyyətindədir: “98 saylı Kəlbəcər rayon tam orta məktəbini bitirmişəm. Özüm Gəncə şəhərində yaşayırdım. Məni hazırlaşdıran müəllimlərimi salamlayıram. Uşaqlıq arzuma çatdığım üçün həyəcanlı və xoşbəxtəm”.
Solmaz Əliyeva 682.3 balla Stomatologiya fakültəsinin tələbəsi olmaq hüququ qazanıb: “Bu qədər bal toplamağıma baxmayaraq, ixtisas seçimində ilk yerdə Stomatologiya fakültəsinin adını qeyd etmişdim. Çünki əvvəldən məqsədim stomatoloq olmaq idi. Məqsədimə çatmaqda mənə hərtərəfli dəstək göstərən müəllimlərimə təşəkkür edirəm. Yaxşı ki, varsınız!”
Ayşən Hümbətova 565.1 balla İctimai səhiyyə fakültəsinin İctimai səhiyyə ixtisasına qəbul olunub. Bu uğurlu nəticədə əməyi olan müəllim və valideynlərinə dərin təşəkkürünü bildirir.
Leyla Qədirova 548.2 bal toplayıb. Sevincini ifadə edə bilməyən, arzusuna çatdığı üçün özünü xoşbəxt hiss etdiyini deyən gənc Əczaçılıq fakültəsində təhsil alacaq.
ATU-nun tələbəsi adını qazanan hər kəsi təbrik edir, təhsildə uğurlar arzulayırıq!