Alzheimer xəstəliyi ilə bağlı insanları məlumatlandırmaq məqsədilə bütün dünyada 21 Sentyabr xüsusi olaraq qeyd olunur. Bu gün Alzheimer xəstəliyinin tədqiqatı və inkişafının ləngidilməsi üsullarının axtarışı ilə məşğul olan təşkilatların təşəbbüsü ilə 1994-cü ildə təsis olunmuşdur.
Alzheimer xəstəliyi yaddaş itkisi və beynin zədələnməsi nəticədə psixi funksiyaların pozulmasıdır. Bu xəstəliyə tutulan insanların yaşı artdıqca xəstəliyin onlara göstərdiyi təsiri də artır. Xalq arasında buna qocalıqla əlaqədar olan “ağıl itirmə” də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir. Alzheimer xəstəliyi xüsusən az inkişaf etmiş və az gəlirli ölkələrdə çox müşahidə olunur. Xəstəliyi tamamən müalicə etmək mümkün olmasa da, erkən diaqnoz qoyulduğu halda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür.