ATU-nun Rezidentura və magistratura şöbəsi Azərbaycan Reanimatoloqlar və anestezioloqlar cəmiyyəti ilə birgə Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti seminar keçirib.
Şöbənin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, artıq bir ənənəyə çevrilən bu seminarlar rezidentlərin və gənc həkimlərin həyatında çox böyük əhəmiyyətə malikdir. Seminarların baş tutmasında ATU-nun və klinika rəhbərliklərinin rolunu qeyd edən N.Xəlilov dəstəyə görə təşəkkür edib.
Bundan sonra ATU-nun Anesteziologiya və reanimatologiya kafedrasının assistenti Pərisa Xoşbonyaninin “Nutritiv dəstəyin intensiv terapiyada rolu” mövzusunda məruzəsi dinlənilib. O, çıxışında bildirib ki, kritik vəziyyətlərin müalicəsinin müasir yanaşmasında nutritiv dəstəyin rolu əvəzsizdir: “Kritik xəstələrdə hiperkatabolizm-hipermetabolizm sindromunun inkişafı və mədə-bağırsaq traktının ciddi funksional pozulmaları ağır metabolik pozğunluqların və mütərəqqi protein-enerji çatışmazlığının inkişafına səbəb olur.
Nutritiv çatışmazlıq və metabolik pozğunluqların qeyri-adekvat korreksiyası terapevtik tədbirlərin effektivliyini əhəmiyyətli dərəcədə azaldır, septik və infeksion ağırlaşmaların inkişaf riskini artırır, xəstələrin xəstəxanada qalma müddətini uzadır, ölüm nisbətini artırır.
Kritik vəziyyətin formalaşmasının əsas patogenetik zənciri - sistem iltihab reaksiyasıdır. Poliorqan çatışmazlıq sistem iltihab reaksiyasının ən ağır formasıdır və reanimasiya və intensiv terapiya şöbəsinin xəstələrində letallığın əsas səbəbi sayılır”.
Nutritiv terapiyanın əsas məqsədlərindən bəhs edən məruzəçi əlavə edib ki, hipermetabolizm-hiperkatabolizm sindromunun korreksiyası bədənin energetik və plastik tələbatının ödənilməsi, immun funksiyasının modulyasiyası, toxumaların, skelet və tənəffüs əzələlərin funksiyalarına dəstək, bağırsaq çatışmazlığı sindromunun müalicəsi, poliorqan çatışmazlığın profilaktikası və müalicəsidir”.
İşgüzar şəraitdi keçən seminarın sonunda P.Xoşbonyani rezidentlərin çoxsaylı suallarını cavablandırıb.