Bu beynəlxalq gün tibbi təqvimə uşaq sətəlcəminə qarşı Qlobal koalisiyanın təşəbbüsü ilə salınıb.
Sətəlcəm kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Xəstəliyin əlamətləri onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq durumundan asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir. Onun ağciyərdə ağırlaşması daha çox yaşlı adamlarda və immuniteti zəif uşaqlarda müşahidə edilir. Ağciyər sətəlcəmi qripəbənzər əlamətlərlə kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir. “Özünümüalicə” zamanı temperaturu aşağı salan preparatlar qəbul edərkən sətəlcəmin yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərlərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur.