17 noyabr - Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü

Noyabrın 17-si Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü qeyd edilir

Həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Noyabrın 17-sinin seçilməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, həmin gün yeni doğulmuş uşaqlara Beynəlxalq Qayğı Fondunun banilərindən biri üçün xüsusi məna və əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız doğulub.

Bir il sonra həmin gün Avstriya paytaxtındakı Müqəddəs Mixail meydanında Vyana universitet klinikasının professorları Arnold Pollak və Angelika Berger bu şəhərdə il ərzində vaxtından qabaq doğulmuş uşaqların sayına uyğun olaraq səmaya eyni vaxtda 500 ağ şar buraxıblar. 2010-cu ildə həmin gün Avropanın artıq 12 ölkəsində qeyd edilib.

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından əvvəl doğulur, başqa sözlə ifadə etsək, bu, orta hesabla hər 10 uşaqdan biri deməkdir. Həmin uşaqların bir milyondan çoxu doğulandan dərhal sonra ölür və bir çoxu müxtəlif növ fiziki və nevroloji qüsurlardan əziyyət çəkir, yaxud uyğunlaşma problemləri ilə üzləşir. Statistikaya görə, vaxtından əvvəl doğuş dünyadakı bütün yeni doğulmuşlar arasındakı ölüm hallarının demək olar ki, yarısını təşkil edir.

Erkən uşaq doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə və yalnız maddi deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur. Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

Bu təqvim gününün qeyd olunmasının məqsədi - vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.