Azərbaycan Tibb Universitetində (ATU) “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bu şirkət tərəfindən idarə olunan “Web of Science” elmi platformasında aparılan işlər haqqında məlumat verilib
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu platforma sayəsində universitetin professor-müəllim heyətinin, tədqiqatçıların və tələbələrin dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları barədə elmi məlumatlara çıxışının təmin olunduğunu qeyd edib. Bu əməkdaşlığın ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsinə böyük töhfə olduğunu bildirib. Elmi işlər üzrə prorektor, professor Rauf Bəylərov isə şirkətlə əməkdaşlıq çərçivəsində görülən işlər və hədəflər barəsində danışıb.
“Clarivate Analytics” şirkətinin regional nümayəndəsi Anna Trifonova və Elmi araşdırmaların qiymətləndirilməsi üzrə strateji məsləhətçisi Valentin Bogorov “Web of Science” bazasının özündə təbiət, texniki, sosial elmlər haqqında məlumatları əks etdirən elmi nəşrləri birləşdirdiyini, burada indekslənən jurnalların beynəlxalq elm ictimaiyyətində yüksək status və təsir gücünə malik olduğunu bildiriblər.
Görüşdə ATU ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. Qeyd edək ki, Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib. Bu əməkdaşlıq çərçivəsində son illər ərzində Azərbaycan alimlərinin “Web of Science” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı dəfələrlə artıb. Hətta 2018-ci ildə həmin platformada daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib.
Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzər prorektoru, dosent Orxan İsayev, Rektorun müşaviri, İnformasiya Texnologiyaları departamentinin müdiri Rəmzi Əliyev, İnnovasiya və Keyfiyyətin İdarə olunması şöbəsinin müdiri Aygün Babayeva, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak edirdilər.