Bu günlərdə ATU-nun Biokimya kafedrasının iclası keçirilib. İclası giriş sözü ilə açan İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva bildirib ki, bu günlərdə “Təbib” qəzetində Biokimya kafedrasına müdir seçilmək üçün müsabiqə elan edilib. O vurğulayıb ki, bu yığıncaqda professor Gülnarə Əzizovanın həmin müsabiqədə iştirak edərək yenidən bu vəzifəyə seçilməsi üçün etdiyi müraciət müzakirəyə çıxarılıb.
Bundan sonra professor G.Əzizova bu vəzifədə işlədiyi müddət ərzində kafedrada həyata keçirilən bir sıra yeniliklər, tədris işinin hazırki vəziyyəti, eləcə də özünün elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib və gələcək platformasını diqqətə çatdırıb.
Toplantıda çıxış edən kafedranın məsləhətçi professoru Arif Əfəndiyev, dosentlər Akif Qarayev, Akif Hacıyev və başqaları kafedranın hazırkı müdiri, professor G.Əzizovanın peşəkar fəaliyyətindən bəhs edərək, onun bu vəzifənin öhdəsindən uğurla gəldiyini, kafedra əməkdaşlarının etimadını qazandığını və kollektivdə xoş münasibət yaratdığını söyləyiblər. Natiqlər, həmçinin onun elmi-pedaqoji keyfiyyətlərini yüksək qiymətləndirib və yenidən bu vəzifəyə seçilməsini dəstəkləyiblər. Onlar çıxışlarında bildiriblər ki, Gülnarə xanımın kafedrada yaratdığı nizam-intizam, eləcə də hamıya örnək olan müsbət fəaliyyəti əməkdaşların ürəyincədir.
Sonra professor G.Əzizovanın bu vəzifəyə namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə kafedranın 48 nəfər əməkdaşı yekdilliklə Gülnarə xanımın lehinə səs verib. Bu nəticə nəzərə alınmaqla onun yenidən Biokimya kafedrasına müdir seçilməsi İctimai səhiyyə fakültəsinin Elmi Şurasına tövsiyə edilib.