Ali təhsil müəssisələri arasında keçirilmiş idman yarışlarının qalibi olan Azərbaycan Tibb Universiteti tələbələrinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Gənclər və idman sektorunun əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov açıb. Onun sözlərinə görə, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur: “Bu günün şərəfinə təşkil olunmuş 8-ci idman yarışı son günlərdə başa çatıb. Bakı Şəhər Gənclər və İdman İdarəsi və Nəsimi rayon Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə futzal, badminton və stolüstü tennis yarışları keçirildi. Futzal yarışlarında 112 tələbə iştirak edirdi. 2 həftə davam edən yarışlarda Azərbaycan Tibb Universitetinin tələbələri qalib oldular.
Bundan başqa, ali təhsil müəssisələri arasında Universiada keçirilib. Martın 1-4-də keçirilən yarışlarda tələbələrimiz şahmat üzrə yalnız İdman Akademiyasının tələbələrinə məğlub olaraq 2-ci yeri tutdular.
Gənclər və İdman Nazirliyinin və Alpinizm Federasiyasının təşkilatçılığı ilə isə idman dırmanması yarışı keçirildi. Yarışda Ali Hərbi Məktəbin kursantları da iştirak edirdi. Doğrudur, kursantlar yüksək nəticələr göstərdilər. Amma komandaları, əsasnaməyə əsasən natamam olduğu üçün ümumi xal hesabında bizim komandamız 1-ci yerə layiq görüldü. Sevindirici haldır ki, 27-ci dəfədir ATU tələbələri kuboka sahib olur”.
Nəsimi rayon Gənclər və idman sektorunun müdiri Yusif Babanlı çıxışında bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra idman sahəsinə diqqət və qayğı artdı. 2005-ci ildən etibarən isə martın 5-i cənab Prezident İlham Əliyevin sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur”. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar, müxtəlif idman növləri üzrə gənclərimizin əldə etdiyi nailiyyətlərdən söhbət açan Y.Babanlı, ATU-nun qalib tələbələrini təbrik edib.
Nəsimi rayon İH başçısının 1-ci müavini Gülarə Verdiyeva universitetimizin tələbələrinin idman sahəsindəki uğurlarının təsadüfi olmadığını, ATU-da bunun üçün hər cür şərait yaradıldığını deyib: “Azərbaycan Tibb Universitetinin gözəl bir ənənəsi var. Hər il martın 5-i ərəfəsində müxtəlif idman yarışları keçirilir. Bu il də yüksək səviyyədə təşkil olunmuş yarışların fərdi və komanda qaliblərini təbrik etməkdən məmnunam. Azərbaycan gəncliyinin sağlam olması və ardıcıl inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.
Tədbirin sonunda ATU-nun prorektoru Tağı Əhmədov, o cümlədən Yusif Babanlı və Gülarə Verdiyeva qaliblərə mükafatları təqdim edib, idmançı tələbələrimizlə xatirə şəkli çəkdiriblər.