Martın 2-də Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Gənc Avropa səfirlərinin birgə təşkilatçılığı ilə "Avropa Bilik Yarışı" keçirilib.
Avropa İttifaqı səfiri cənab Peter Mixalkonun rəsmi olaraq açdığı tədbirdə Belçika, İsveç, Almaniya, Fransa, Rumıniya və Slovakiyanın Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatları da iştirak ediblər.
Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arasında gənc istedadları bir araya gətirən yarışın məqsədi Avropa İttifaqı və ona üzv dövlətlərə dair biliklərin interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək, eyni zamanda, komanda işini gücləndirməkdir.
Müsabiqəyə Bakıdan və müxtəlif bölgələrdən ümumilikdə 300 nəfərin qatıldığı 72 komanda müraciət edib. Seçilmiş 65 gəncin təmsil olunduğu 18 komanda yarışda Avropa İttifaqı və onun üzv dövlətləri haqqında biliklərini nümayiş etdiriblər.
Yarışda Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət "Sinaps" komandası ən yüksək nəticə göstərərək birinci yeri qazanıb.
“Avropa Bilik Yarışı”nda universitetimizi I Müalicə-Profilaktika fakültəsinin V kurs tələbəsi Arzu Musayeva, II Müalicə-Profilaktika fakültəsinin VI kurs tələbəsi Fərid Məmmədhüseynov, İctimai Səhiyyə fakültəsinin IV kurs tələbəsi Cavid Əhmədov və Stomatologiya fakültəsinin III kurs tələbəsi Mirleyla Ağayeva təmsil ediblər.
Qaliblərə mükafatlar Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən təqdim olunub.