53 tələbənin məruzələri dinlənilib, qaliblər mükafatlandırılıb
Azərbaycan Tibb Universitetinin fakültələrində Tələbə Elmi Cəmiyyətinin ənənəvi konfransları start götürüb. İlk olaraq Stomatologiya fakültəsində TEC-in 49-cu konfransı keçirilib.
Universitetin Stomatoloji Klinikasında kliniki bölmə üzrə keçirilən konfransı Stomatologiya fakültəsinin dekanı, təşkilat komitəsinin sədri, dosent Elmira Əliyeva açıb. O, tələbələrin ildən-ilə daha böyük həvəslə elmi-tədqiqat işlərinə qatılmalarını yüksək dəyərləndirərək, bu gün ilk addımlarını atan gələcəyin alimlərinə uğurlar arzulayıb.
Kliniki bölmədə stomatologiyanın aktual problemlərinə həsr edilmiş 30 məruzə dinlənilib. Konfransda Ağız və üz-çənə cərrahiyyəsi üzrə 9, Ortopedik stomatologiya üzrə 9, Terapevtik stomatologiya üzrə 5, Uşaq stomatologiyası üzrə 3, Ortodontiya kafedrası üzrə isə 4 məruzə dinlənilib.
Çıxışlardan sonra fakültə TEC-in elmi rəhbəri, baş müəllim, t.ü.f.d. Aybəniz Qadaşova məlumat verib ki, bu il məruzəçi tələbələr daha hazırlıqlı olublar. Belə ki, onlar sərbəst çıxış edərək, kliniki materiallarını əyani surətdə kompüter görüntüləri ilə nümayiş etdirib, suallara düzgün cavab veriblər.
Münsiflər heyətinin rəyinə əsasən, məruzəçilərdən Yaşar Məmmədli və Fatimə Pənahova I, Emin Abbasov, Fuad Həsənov və Xəyal Fətullayev II, Behtar Ashkan və Mehin Rəştiyeva isə III yerləri tutaraq TEC-in 49-cu konfransının xüsusi mükafatını alıblar. Qalan iştirakçılara isə sertifikatlar təqdim olunub.
İki gün davam edən konfransın xarici dillər bölməsi üzrə iclası isə Xarici dillər kafedrasında baş tutub. Konfransı açan TEC-in kafedra üzrə sədri Elvina Qulamova iştirakçıları salamlayaraq, münsiflər heyətini təqdim edib. O bildirib ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamın əhəmiyyətindən danışan E.Qulamova əlavə edib ki, bu əslində bir çağırışdır və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələri zamanı baş verəcək fəsadların qarşısının alınması işinə bir töhfə olacaq. Daha sonra konfransda ingilis, rus və alman dillərində 23 tələbənin çıxış edəcəyini deyib və sözü məruzəçi tələbələrə verib.
Bundan sonra tələbələr öz məruzələrini sərbəst şəkildə təqdim ediblər. Diskussiya şəraitində keçən müzakirələrin sonunda münsiflər heyətinin gəldiyi qənaətə görə, Sevinc Hacızadə, Xədicə Əlizadə və Amel Cavadova I, Sona Şahmalıyeva, Fatimə İldırımzadə, Selcan İsazadə və Lalə Namazova II, Rabit Arixov, Amin Vəlizadə və Alik Atakişiyev isə III yerlərə layiq görülərək, diplomla mükafatlandırılıblar. Qalan iştirakçılara konfransın sertifikatı təqdim edilib.
Sonda çıxış edən fakültə dekanı Elmira Əliyeva Xarici dillər kafedrasında TEC-in işinin yaxşı təşkilinə görə kafedranın müdiri, f.e.d, professor Zemfira Məmmədova, fakültə TEC-in elmi rəhbəri Aybəniz Qadaşova, TEC-in kafedra üzrə sədri Elvina Qulamova, eləcə də tələbələrə elmi rəhbərlik edən müəllimlərin zəhmətini yüksək qiymətləndirib. Tələbələrin fəallığını qeyd edən dekan, münsiflər heyətinə də minnətdarlığını bildirib.