Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib
Aprelin 23-də ATU-nun Böyük Elmi Şurasının növbəti iclası keçirilib. Şura üzvlərini salamlayan rektor, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayevin 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.
Universitetimizin xarici tələbələrinin sayının ildən-ilə artdığını və ATU-nun beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndiyini söyləyən prorektor, nəticələri slayd vasitəsilə müqayisəli formada təqdim edib. O, Beynəlxalq əlaqələr üzrə prorektorun kurasiya etdiyi struktur vahidlərinə Xarici tələbələrlə iş üzrə dekanlıq və Beynəlxalq əlaqələr şöbəsinin daxil olduğunu bildirib.
O.İsayev vurğulayıb ki, Azərbaycanda təhsil alan əcnəbilərin üçdə biri ATU-nun tələbələridir. Əcnəbi tələbələrin ölkəmizdə təhsilə təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqləndiyinə görə universitetimiz Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib: “Nazirlik son 5 tədris ili üzrə əcnəbilərin sayında artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin olunması kimi meyarları nəzərə alıb. “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili”, “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzularına həsr olunan panellərdə yerli və beynəlxalq ekspertlər çıxışlar edib, maraqlı müzakirələr aparılıb”.
Məruzəçi hazırda ATU-da 50-yə qədər ölkədən 2900-ə yaxın əcnəbi vətəndaşın oxuduğunu, onların hazırlıq kursu, baza ali tibb təhsili, bakalavr, rezidentura, magistratura və doktorantura pillələri üzrə təhsil aldığını söyləyib. O, vurğulayıb ki, xarici tələbələrin 51 faizini təşkil edən Türkiyə və İran vətəndaşları Azərbaycan dilində təhsil alır. Prorektor O.İsayev çıxışında beynəlxalq reytinqlər, yerli universitetlərin bu reytinqlərdə iştirakı, Azərbaycan Tibb Universitetinin beynəlxalq akkreditasiya təcrübəsi, keçilən mərhələlər və akkreditasiyanın universitetə qazandırdığı üstünlüklər haqqında ətraflı məlumat verib.
Çıxışında miqrasiya məsələlərinə də yer ayıran natiq bildirib ki, Xarici tələbələrlə iş üzrə dekanlığın funksiyalarından biri də əcnəbilərin qeydiyyat məsələlərinə dəstək verməkdir: “Xarici tələbələrin sayının ildən-ilə artması ilə əlaqədar olaraq, universitet bəzi addımlar atıb. Dövlət proqramlarının icrası ATU tərəfindən 2 istiqamətdə aparılır. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı proqramları fəaliyyətdədir. Diqqətinizə çatdırmaq istərdim ki, cənab Prezidentimizin 6 dekabr 2017-ci il tarixli Sərəncamı ilə İƏT-ə üzv dövlətlərin vətəndaşları, eləcə də 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilib”.
Tədris prosesinin zamanın tələbləri səviyyəsində qurulmasının, beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu vurğulayan prorektor nəzərə çatdırıb ki, artıq neçə ildir ingilis dili kursları təşkil olunur ki, bu da müəllimlərin dil biliklərinin təkmilləşməsində mühüm rol oynayır. O, əlavə edib ki, prorektorluğun qarşısında duran əsas məsələlərdən biri beynəlxalq proqramlarda universitetin müəllim və tələbələrinin aktiv iştirakının təşkil edilməsi, eləcə də dünyanın qabaqcıl elm qurumları ilə daha sıx əlaqələrin qurulmasıdır. Qeyd olunub ki, ATU-nun xarici ölkə universitetlərinə çıxışları ildən-ilə yüksəlir və bu istiqamətdə dünyada tanınmış bir sıra universitetlərlə ikitərəfli memorandumlar imzalamışıq.
Hesabat dövrü ərzində keçirilən mühüm tədbirlərə və cari məsələlərə də toxunan O.İsayev bir sıra təkliflərini şura üzvlərinin diqqətinə çatdırıb.
Məruzə ətrafında çıxış edən Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva, Ağız və üz-çənə kafedrasının müdiri, professor Çingiz Rəhimov, Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və başqaları hesabatı qənaətbəxş hesab edərək, prorektorluğun fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar universitetimizin son zamanlar beynəlxalq aləmdə əldə etdiyi nailiyyətləri və nüfuzunun yüksəlməsini vurğulayıb, xarici ölkələrə səfərləri zamanı səmərəli əməkdaşlıq fəaliyyətini qeyd ediblər. Çıxışçılar bütün bunlarla yanaşı, bir sıra mövcud problemlərin həlli istiqamətində təklif və rəylərini də dilə gətiriblər.
Hesabat məruzəsinə münasibətini bildirən rektor, professor G.Gəraybəyli prorektorluğun apardığı işləri yüksək dəyərləndirdiyini və xarici tələbələrin sayının çox olmasının universitetin beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi qəbul edildiyini bildirib. Diqqəti beynəlxalq əlaqələrə yönəldən universitetin rəhbəri müəllimlərin ingilis dilini mənimsəməsini önə çəkib və gələcəkdə bu istiqamətdə səmərəli addımların atılmasının vacibliyini vurğulayıb: “Son illər xarici tələbələrin sayının artması müşahidə olunur, bu müsbət haldır. Bəzən tələbələr şikayət edir ki, biz ingiliscə oxuyuruq. lakin müəllim Azərbaycan dilində dərs deyir. Bilməliyik ki, əcnəbi tələbələr olduqca tələbkardır. Bu da bizdən dərsin keyfiyyətini və tədris vəsaitlərinin müasirliyini tələb edir. Hazırda hazırlıq kursunda 550 xarici vətəndaş oxuyur, onların 480-i Türkiyə vətəndaşlarıdır. Qarşımızda duran əsas vəzifə beynəlxalq reytinqdə universitetimizin ilk minliyə düşməsidir. Çünki Türkiyədə yeni hazırlanmış qanun layihəsi xaricdə əldə olunmuş diplomların öz ölkəsində tanınmasına məhdudiyyət qoyur. Artıq bu məqsədlə komissiya yaratmışıq və müvafiq şöbə ciddi şəkildə məşğul olur”.
Rektor qeyd edib ki, beynəlxalq əlaqələrin əhatə dairəsi yalnız bir prorektorluq, şöbə və yaxud da dekanlıqla məhdudlaşmır: “Bildiyiniz kimi, hər bir kafedrada beynəlxalq əlaqələr üzrə koordinatorlar müəyyən olunub. İndi kafedralara məlumatlar elektron poçt vasitəsilə göndərilir. Amma həmin informasiyalar bəzi kafedralarda diqqətdən kənarda qalır və universitetimizin saytında və qəzetdə məlumat dərc olunduqdan sonra bildirirlər ki, daha əvvəldən xəbərimiz olmayıb. Bu hal aradan qaldırılmalıdır”.
Sonra müxtəlif məsələlərə münasibət bildirən Böyük Elmi Şura Ortodontiya kafedrasının Stomatologiya fakültəsinin tərkibinə daxil edilməsini təsdiqləyib. Bundan başqa, Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Ratıng) ilə ATU arasında akkreditasiyadan sonrakı monitorinqin birinci mərhələsi üçün müqavilənin bağlanması məsələsinə baxılıb.
Sonda dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyən şura, müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.