ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və kafedranın assistenti Kəmalə Bədəlova aprelin 25-27-də Türkiyənin İstanbul Universitetində keçirilən “MESMAP-10 - Dərman və Aromatik Bitkilər üzrə Beynəlxalq Ağdəniz simpoziumu”nda dəvətli qonaq qismində iştirak ediblər.
E.Qarayev “Çay tullantılarından bioloji fəal maddələrin təcrid edilməsi, yarımsintetik törəmələrin alınması, toksikliyinin və bioloji aktivliyinin in silico öyrənilməsi və molekulyar dokinq”, K.Bədəlova isə “Naringenin və naringin polifenolları güclü xərçəng əleyhinə agent kimi” mövzularında məruzə oxuyublar. Məruzəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanan professor E.Qarayev simpoziumun bölmə iclasına sədrlik edib. Dünyanın 20-dən çox ölkəsinin aparıcı elm mərkəzləri və ali təhsil ocaqlarından gəlmiş 219 alim və gənc tədqiqatçılar tədbirdə öz elmi-tədqiqat işlərinin nəticələri haqqında məruzələrlə çıxış ediblər. Simpoziumda yerli və əcnəbi alimlərin çoxsaylı poster təqdimatları da baş tutub.
Simpozium çərçivəsində müxtəlif ölkələrdən olan alimlər arasında görüşlər keçirilib, əməkdaşlıq barədə danışıqlar aparılıb.
Beynəlxalq tədbirin son iş günü simpoziumun prezidenti, professor Nazim Şəkəroğlunun rəhbərliyi ilə təşkilat komitəsi tərəfindən Bosfor boğazında gəmidə gəzinti və şam yeməyi təşkil edilib.
Xatırladaq ki, MESMAP silsilə simpoziumları 2014-ci ildən başlayaraq, hər il fərqli bir qitə və fərqli ölkədə təşkil olunur.