Universitetimizin əməkdaşları və bir qrup tələbəsi aprelin 24-dən 27-dək Rusiyanın Samara şəhərində keçirilən Ümumrusiya Uşaq Cərrahlarının “Uşaqlarda qarnın ön divarının cərrahi xəstəliyi” adlı simpoziumunda və XXX Ümumrusiya Uşaq Cərrahiyyəsi üzrə (63-cü "Ümumittifaq") tələbə elmi konfransında iştirak edib.
Tədbirlərə ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov və kafedranın assistenti Namiq Xəlilov məruzəçi və münsif heyəti üzvü qısmində dəvət alıblar. Simpoziumun təntənəli plenar iclasında ölkəmizi təmsil edən assistent N. Xəlilov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Simpoziumun birinci günündə professor R.Ş.Poluxov, assistent Xəlilov N.C. “Qastroşizis: antenatal diaqnostika və müalicənin nəticələri” mövzusunda təqdimatla çıxış etmişdirlər.
Eyni zamanda, tələbə elmi konfransında II Müalicə-profilaktika fakültəsinin V kurs, 219R 1a qrup tələbələri İlahə Quliyeva və Xanım Əliyeva professor R. Poluxov və assistent N. Xəlilovun elmi rəhbərliyi ilə “Uşaqlarda hipertrofik pilorostenozun laparoskopik müalicəsinin nəticələri” mövzusunda onlayn şəkildə çıxış ediblər. Onlar məruzələrində bildiriblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında son 3 ildə 14 uşağa piloromiotomiya əməliyyatı icra olunub. Bunlardan 6 uşağa açıq (I qrup), 8 uşağa isə laparoskopik (II qrup) piloromiotomiya əməliyyatıdır. Xəstələr ümumi kliniki və labarator müayinələrlə yanaşı USM və kontrast RM-dən keçirilib. USM-də pilorosun qalınlığı 5-7mm uzunluğu 16-18mm olmuşdur. RM-də kontrast maddənin bir gündən sonra belə mədədə toplanması aşkar edilmişdir.
II Müalicə-profilaktika fakültəsinin V kurs 219R 1a tələbəsi Simpoziumda şəxsən iştirak edən Səid Qəribov (elmi rəhbər: Аssistent N. Xəlilov , professor R. Poluxov ) isə çıxışında məlumat verib ki, uşaqlarda Hirschsprung xəstəliyinin minimal invaziv müalicəsi zamanı bu tədqiqat işi üçün 17 uşaqdan əməliyyatların nəticələri alınıb və növünə görə qruplara ayrılıb. Bu əməliyyatların nəticələrini müqayisə etdikdən sonra tədqiqatın nəticəsi çıxarılaraq Hirschsprung xəstəliyinində yoğun bağırsağın transalan rezeksiyasının effektivliyi qiymətləndirilib.
Qeyd edək ki, beynəlxalq səviyyədə keçirilən toplantıda Rusiya Federasiyasının bütün tibb universitetlərinin nümayəndələri təmsil olunub. Toplantının reytinqinə görə, Azərbaycan Tibb Universiteti II yerə, ATU-nun tələbələri isə III yerə layiq görülərək fəxri diplom, sertifikat və medallarla mükafatlandırılıblar.
Universitetimizin nümayəndələri R. Poluxov və N. Xəlilov Samara Dövlət Tibb Universitetinin 105 illiyinə həsr olunmuş tədbirlərdə də iştirak edib və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin təbrik məktubunu yubiley iştirakçılarının nəzərinə çatdırıblar.
Tədbirdən sonra rektorun məktubu Samara Dövlət Tibb Universitetinin rektoru, professor A.V.Kolsanova təqdim olunub. Səmimi keçən görüşdə A.V. Kolsanov professor Gəray Gəraybəylini Samara şəhərinə dəvət edib.
Tədbir çərçivəsində ATU-nun əməkdaşları Samara Dövlət Tibb Universitetinin texnoparkında olub və Samara şəhərində yaşayan həmvətənlərimizin fəal nümayəndələri ilə də görüşüblər.