Azərbaycanda ilk dəfə olaraq 3 tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən Azərbaycan Tibb Universiteti qlobal rəqabətə davamlılığı artırmaq məqsədilə digər platformalar üzrə də araşdırmaları davam etdirir. Təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirilməsinə nail olmaq üçün Azərbaycan Tibb Universitetində (ATU) Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış Quacquarelli Symonds (QS) şirkətinin nümayəndəsi ilə görüş keçirilib.
Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə ilk dəfə beynəlxalq akkreditasiyanı əldə olunmasının təkcə universitet deyil, ümumilikdə ölkəmizin təhsil sferası üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib. Bildirib ki, bu, ilk növbədə ATU-nun beynəlxalq arenada nüfuzunun yüksəlməsi, reytinq siyahılarında daha yüksək yerlər əldə etməsi, universitetə daha çox xarici tələbələrin cəlbi axımından böyük əhəmiyyət kəsb edir.
Rektor G.Gəraybəyli yeni nəsil rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə ATU-nun beynəlxalq reytinq platformaları ilə əməkdaşlığını gücləndirmək niyyətində olduğunu qeyd edib.
Böyük Britaniyanın QS şirkətinin Rusiya, Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov bildirib ki, artıq 20 ildir ki, QS tərəfindən dünyanın nüfuzlu ali təhsil müəssisələrini müxtəlif istiqamətlər və kateqoriyalar üzrə qiymətləndirilməsi aparılır. Şirkətin qlobal reytinqi (QS World University Rankings) bütün dünya üzrə universitetlərin fəaliyyətini etibarlı şəkildə əks etdirir. QS öz metodologiyasını təkmilləşdirmək üçün ali təhsil sektoru ilə əməkdaşlığını möhkəmləndirir.
Görüşdə QS reytinqi ilə bağlı təqdimat keçirilib. Daha sonra qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak edirdilər.