Hər il Мayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur.
Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara səbəb olur. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.