Rektor, professor Gəray Gəraybəyli: “ATUREK” brendi ildən-ilə inkişaf edir və daha çox tanınır
Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Tibb Universitetində Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş ATUREK-12 - rezidentlərin və magistrantların elmi-təcrübi konfransı keçirilib. Konfransda uğurlu çıxışları ilə fərqlənən rezident və magistrantlara dünən diplomlar təqdim olunub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli qalibləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, builki konfransla bağlı ictimai rəy, müxtəlif baza rəhbərləri tərəfindən səsləndirilmiş fikirlər, eləcə də iştirakçıların sayı və elmi məqalələrin səviyyəsi bir daha təsdiq edib ki, “ATUREK” brendi ildən-ilə inkişaf edir və daha çox tanınır: “Əminəm ki, gələcək konfranslarda nəinki digər bazaların, həmçinin başqa universitetlərin mütəxəssisləri, rezidentləri də iştirak edəcəklər. Sizləri belə həvəsli, istəkli görmək çox sevindiricidir. Hamımız bilirik ki, həkimlik fəaliyyətində elmi istiqamət çox önəmlidir. Günümüzdə elmi araşdırma, elmi təhlil qabiliyyəti olmadan yaxşı tibb işçisi olmaq mümkün deyil.
Bu gün biz məmnuniyyətlə 40 nəfəri mükafatlandıracağıq. Sizlərə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm və inanıram ki, elmi istiqamətdə işlərinizi davam etdirəcəksiniz”.
Qeyd edək ki, ATUREK-12 konfransının elmi hissəsi öz işini 9 panel üzrə davam etdirib. Konfransa 200-ə yaxın tezis təqdim olunub, ümumilikdə 127 məruzə dinlənilib. Hazırda ATU-da 54 rezidentura və 9 magistratura ixtisası üzrə 70 nəfəri əcnəbi olmaqla 700 nəfər rezidentura pilləsində, 4 nəfəri əcnəbi olmaqla 119 nəfər magistratura pilləsində təhsil alır.