İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı iki ölkə arasında tibb təhsili sahəsində mövcud durum və əməkdaşlıq məsələləri müzakirə olunub.
Rektor professor G.Gəraybəyli qonağa ölkənin ən qocaman ali məktəblərindən biri olan ATU-da həyata keçirilən islahatlar, təhsil sistemində tətbiq olunan yeniliklər haqqında məlumat verib. Üç ixtisas üzrə tədris proqramlarının beynəlxalq aakkreditasiyanı əldə etdikdən sonra dünyanın daha çox ölkələrindən ATU-ya marağın artdığını qeyd edib.
Rektor G.Gəraybəyli əcnəbi tələbə sayına görə Azərbaycanda ilk yerdə olan Tibb Universitetinin xarici tələbələri arasında İran İslam Respublikasından olanların da kifayət qədər təmsil olunduğunu bildirib. ATU-nun rektoru professor G.Gəraybəyli iki ölkə arasında bütün sahələrdə olduğu kimi tibb təhsili istiqamətində də münasibətlərin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılacağından əmin olduğunu vurğulayıb.
Səfir Seyid Abbas Musəvi artıq ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatdığını bildirərək, bu dövrdəki əməkdaşlığa görə universitet rəhbərliyinə təşəkkür edib. O, iranlı tələbələrin yaşayışı və təhsili üçün ATU-da yaradılmış şəraitdən razı olduqlarını qeyd edib. Cənab Seyid Abbas Musəvi bundan sonra da tibb təhsili sahəsində əlaqələrin və əməkdaşlığın uğurla inkişaf edəcəyindən əminliyini bildirib.
Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb.