AzerMDS tələbələrimiz üçün məlumatlandırma seminarı keçirib

Mayın 14-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında AzerMDS-in (Həkimlər və Təbib Tələbələr İctimai Birliyi) “101: IFMSA infosessiya" adlı tədbiri keçirilib.

Tədbirdə giriş nitqi söyləyən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev bildirib ki, AzerMDS akademik mübadilələr, icma layihələri və qlobal sağlamlıq təbliğatı aparır, tələbələrə tibb təhsilini artırmaq üçün misilsiz imkanlar təqdim edir. Prorektor əlavə edib ki, bu təşkilat indiyədək ATU rəhbərliyinin dəstəyi ilə bir çox layihə və mübadilə proqramlarının təqdimatını keçirib, bir sıra ölkələrlə müqavilələr imzalayıb. Universitet rəhbərliyinin bundan sonra da AzerMDS-in fəaliyyətinə dəstək verəcəyini vurğulayan O.İsayev toplantının işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev vurğulayıb ki, AzerMDS-in fəaliyyəti sayəsində tələbələrimiz universitetimizi beynəlxalq arenada layiqincə təmsil etməklə yanaşı, ölkəmiz və qlobal səviyyədə səhiyyə, tibb təhsili sahəsində karyera imkanlarını genişləndirirlər.

Təşkilatın yaranma tarixi və hazırki fəaliyyəti haqqında məlumat verən AzerMDS sədri Murad Yusifli qeyd edib ki, əsası 1992-ci ildə qoyulan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi azərbaycanlı tibb tələbələrini yerli və beynəlxalq səviyyədə təmsil edən ən böyük və nüfuzlu bir qurumdur: “Bu ictimai birlik yarandığı gündən tibb tələbələrinin karyera imkanlarının artırılması, eləcə də onları fəal vətəndaşlığa və ölkənin ictimai gündəliyində aktiv iştiraka sövq etmək üçün çoxsaylı layihələri icra edib. AzerMDS Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həmtəsisçisidir və gənclər siyasəti arenasında tibb tələbələrini təmsil etməyə davam edir.

İctimai birlik 2006-cı ildən Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) üzvüdür. IFMSA səhiyyə təhsilini yaxşılaşdırmaq, ictimai səhiyyə problemlərini həll etmək və siyasi islahatların təbliğatını aparmaq üçün müxtəlif qlobal təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu əməkdaşlıqlar tibb tələbələrinə yüksək səviyyəli müzakirələrdə iştirak etmək və qlobal sağlamlıq arenasında təcrübə qazanmaq imkanı verir”.

Tədbirdə AzerMDS-in komitə sədrləri görülən işlər və təşkilatın funksiyaları barədə ətraflı məlumat veriblər. Onlar bildiriblər AzerMDS üzvləri müxtəlif yerli və beynəlxalq layihələrdə yaxından iştirak edir və könüllü şəkildə geniş fəaliyyət göstərirlər. Həmçinin "AzerMDS nədir", "Tələbələrə hansı imkanları təqdim edirsiniz", "IFMSA nədir" kimi suallar İdarə Heyəti tərəfindən cavablandırılıb.

Bundan sonra AzerMDS-in yetirmələri - ginekologiya və süni mayalanma üzrə mütəxəssis Sevinc Sərdarlı “Sonsuzluq və köməkçi reproduktiv texnologiyalarda (ART) müasir yanaşmalar”, yoluxucu xəstəliklər üzrə mütəxəssis Nazxanım Qasımova "Management of complicated skin and soft tissue infections" (ingilis dilində) və kardiologiya üzrə mütəxəssis Firudin Qurbanov “Döş qəfəsi ağrılarına müasir yanaşma, Köln İnfarkt Modeli (KİM)” mövzularında çıxış ediblər.

 

Sonda tədbirdə iştirak edən gənc həkim, rezident və tələbələrin iştirakı ilə diskussiya aparılıb.