Dünya səviyyəli mütəxəssislər ATU-nun Ortodontiya kafedrasına baş çəkib

Mayın 16-da ortodontiya sahəsində tanınmış mütəxəssislər Derya Germeç Çakan və Nikhilesh R.Vaid ATU-nun Ortodontiya kafedrasının qonağı olub, kafedranın əməkdaşları, tələbə və rezidentləri ilə görüşüblər.

Universitetimizdə ortodontiya ixtisasına öz əhəmiyyətli töhfələrini verən tanınmış alimlərlə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən kafedranın müdiri, dosent Ramidə Şadlinskaya bildirib ki, 2006-cı ildən Yeditəpə Universitetinin Diş həkimliyi fakültəsinin ortodontiya kafedrasına rəhbərlik edən professor Dərya xanımın əsas araşdırmaları dodaq və damaq yarıqları, üz-kəllə anomaliyaları və interdisiplinar müalicələr üzrədir. Onun çoxsaylı beynəlxalq jurnallarda klinik və tədqiqat məqalələri dərc edilib. Dərya xanım Türkiyə “Ortodontiya” jurnalının baş redaktoru vəzifəsində də çalışıb. Eyni zamanda “Esthetic and Functional Management of Diastema” kitabında bölümlərin müəllifi, Türkiyə Ortodontiya Cəmiyyətinin prezidenti və Türkiyə Dodaq və Damaq Yarıqları Birliyinin icra komitəsinin üzvüdür.

Kafedra əməkdaşlarına professor Nikhilesh R.Vaidin də iş fəaliyyəti haqqında məlumat verən R.Şadlinskaya onun ortodontiya ixtisasının müasir liderlərindən biri olduğunu deyib. Qeyd edib ki, 20 ildən artıq akademik və peşəkar təcrübəsi olan Nikhilesh R.Vaid Dünya Ortodontlar Federasiyasının prezidenti, “Seminars in Orthodontics” jurnalının baş redaktoru, Nebraska Universitetinin və Avropa Universiteti Dental Kollecinin professorudur. 50-dən çox ölkədə xüsusi ortodontik konqreslərə və kurslara dəvət olunaraq mühazirələr oxuyub.

Ortodontiya kafedrasının kollektivinə səmimi qəbul üçün təşəkkürlərini bildirən qonaqlar bu tanışlığın onlarda xoş təəssüratlar yaratdığını deyiblər. Tanınmış mütəxəssislər qısa müddətdə kafedranın lazımi avadanlıqlarla tam təchiz olunmasını, burada peşəkar gənc heyətin çalışmasını, rezidentlərlə işin səviyyəsini yüksək qiymətləndiriblər. Bundan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb.

Kafedranın adından hər iki qonağa xatirə hədiyyələri təqdim olunub.